Vətən müharibəsinin şəhidi Həsən Həsənovun oğlunun 1 yaşı təntənə ilə qeyd olunub.
Vətən torpağını canından, qanından, hətta dünyaya gələcək övladlarından üstün tutan şəhidlərimiz düşmən üzərində Şanlı Zəfər çalmaqla təkcə ailələrinin deyil, bütövlükdə xalqımızın başını uca etdilər, adlarını tarixə yazdılar. İkinci Qarabağ müharibəsinin Şirvan şəhərindən olan cəsur döyüşçüsü, 2020-ci ilin oktyabrın 3-də qəhrəmancasına şəhid olan Həsən Həsənovun ikinci övladının 1 yaşı münasibətilə ad günü şənliyi keçirilib. Bakıda yerləşən şadlıq saraylarından birində təşkil olunan tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhidin ailə üzvləri, yaxınları, hərbçilər, qazilər, şəhid anaları, mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.
Şənlik şəhidin 1 yaşlı oğlu Həsəncamalın vətənpərvər musiqi sədaları altında şadlıq sarayına daxil olması ilə başlayıb. Dövlət Himni səsləndirildikdən sonra tədbir iştirakçıları Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Həsəncamalın babası və nənəsi tədbir iştirakçılarını salamlayıb, şəhidin yadigarının xoş günündə onun yanında olduqları üçün təşəkkür ediblər. Həm şəhidimizin şərəflə daşıdığı adını əbədiləşdirmək, həm də onun arzusunu həyata keçirmək məqsədilə körpəyə Həsəncamal adı verildiyi bildirilib.
Şəhidin xanımı Qəriyyə Həsənova hər iki övladını həyat yoldaşının adına layiq, mərd, qəhrəman böyüdəcəyini, ailəsinin və xalqının başını uca edən Həsənin adını həmişə uca tutacağını söyləyib. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Şəhidin döyüş yoldaşları 44 günlük Vətən müharibəsinin tarixi rolundan və Şanlı Zəfərdən söz açıb, qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Vətən uğrunda şəhid olan 3 min şəhidin və müharibə iştirakçılarının qəhrəmanlıqlarından bəhs ediblər. Doğum günü qeyd edilən balaca Həsəncamalın atası Həsənin keçdiyi ömür və döyüş yolu, göstərdiyi şücaət nümunələrindən bəhs ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun salamlarını və xoş arzularını şəhidin ailə üzvlərinə çatdıran Şirvan Şəhər İcra Hakimiyyəti aparatının əməkdaşları Rəfael Nəsirov və Sənan Qafarov şəhidlərin ən yüksək ehtirama layiq olduqlarını bildiriblər. Şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində görülən işlərdən, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıblar. Şəhidlərin övladlarının dövlətimizə və xalqımıza əmanət olduğunu vurğulayıblar. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin daim ehtiramla yad edildiyini, ailələrinin mütəmadi ziyarət edildiyini, problemlərinin aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirildiyini diqqətə çatdırıblar. Bütün şəhid övladları kimi Həsəncamalın da daim qayğı ilə əhatə ediləcəyini qeyd ediblər.
Sonra Şirvan Şəhər İcra Hakimiyyəti adından şəhidin övladına və xanımına hədiyyələr təqdim olunub.
Ad günü mərasimi boyunca musiqiçilər vətənpərvər mahnılarla məclisə xoş əhval ruhiyyə qatıblar.
Sonda Həsəncamal balanın ad günü tortu təntənə ilə kəsilib, bütün tədbir iştirakçıları ilə birgə xatirə şəkilləri çəkdirilib.
Mətbuat xidməti