Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərində şəhid Bağırov Fuad Allahverdi oğlunun 40 mərasimi keçirilib.

12 mart 2022 | 16:00

2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunda qar çovğununda itkin düşərək şəhid olan Azərbaycan Ordusunun zabiti, baş leytenant Bağırov Fuad Allahverdi oğlunun izdihamla son mənzilə yola salınmasından 40 gün keçir.
Bu münasibətlə 12 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, İcra Hakimiyyəti başçısının müavinləri, şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, ictimaiyyət nümayəndələri, şəhid ailələri və şəhidin ailə üzvləri Şirvan şəhər Şəhidlər Xiyabanında Bağırov Fuad Allahverdi oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək  ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın «Dəmir yumruğu» ətrafında birləşən hərbçilərimizin göstərdiyi şücaətdən danışaraq, hər bir azərbaycanlının Ali Baş Komandanımızla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. 30 il ərzində həm Ulu öndər Heydər Əliyevin, həm də cənab Prezident İlham Əliyevin  torpaqlarımızı itkisiz, sülh yolu ilə geri qaytarmaq üçün beynəlxalq birliklərlə apardığı danışıqlardan, həyata keçirdiyi tədbirlərdən bəhs edərək Ölkə başçısının “Sülh yolu ilə mümkün olmasa, biz torpaqlarımızı hərb yolu ilə geri almağa qadirik” sözlərini xatırladıb. Ermənilərin dəfələrlə cəbhə xəttində törətdiyi təxribatlara cavab olaraq Müzəffər Ali Baş Komandanın xalqa müraciəti ilə 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsinin dövlət-ordu-xalq birliyinin təcəssümü olduğunu diqqətə çatdırıb. Tarixi torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən Şanlı Zəfərin müəllifləri olan şəhidlərin xalqımız tərəfindən daim yüksək hörmət və ehtiramla yad edildiyini vurğulayıb. Dövlət səviyyəsində şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşıldığını, Şirvan şəhərində də şəhidlərin hörmət və izdihamla son mənzilə yola salındığını, onların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işlərinin aparıldığını, şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksinin yaradıldığını, qalib Azərbaycan əsgərinin şərəfinə Məhəmməd Füzuli adına Mədəniyyət və İstirahət parkında “Zəfər” abidəsinin  ucaldıldığını diqqətə çatdırıb. Vətən müharibəsindən sonra ölkə başçısının təşəbbüsü ilə şəhər icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin yaradılmasının müharibədə əməyi keçən insanlara xüsusi diqqətin təzahürü olduğunu bildirib. Qeyd edib ki, Vətən müharibəsinin şəhidi Elnur Qarayevin sonuncu şəhidimiz olduğunu düşünsək də, 2021-ci ilin noyabrın 16-da Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı şəhid olan Əliyev Elçin Ramil oğlunun və  2022-ci ilin yanvarın 29-da Kəlbəcər rayonunda qar çovğununda şəhid olan Bağırov Fuad Allahverdi oğlunun şəhadəti ilə Vətəni qorumaq naminə canından keçən qəhrəman oğulların var olduğunun şahidi olduq. Bütün şəhidlərimiz kimi  Fuad Bağırov da daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi qədirbilən xalqımız tərəfindən hər zaman yad ediləcəkdir.
Sonra tədbir iştirakçıları şəhid Fuad Bağırov başda olmaqla, vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyublar.
Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin vaxtilə yaşadığı həyətdə hazırlanan 40 mərasimində iştirak edib, ailəsinin qayğıları ilə maraqlanıb, yaxınlarına başsağlığı verib.
Şəhid baş leytenant Fuad Bağırovun atası ağır itki olmasına baxmayaraq, övladının şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 Mətbuat xidməti

Keçidlər