Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı

14 mart 2022 | 16:00

Şirvan şəhəri H.Z.Tağıyev küçəsi 59/1 saylı ünvanda yaşayan Əliyev Elçin Xanlar oğlu 11 mart 2022-ci il tarixdə Kanal24 internet TV kanalı vasitəsilə yayımlanan müraciətində şəhər İcra Hakimiyyəti başçısının ona qarşı qərəzli mövqe  sərgiləyərək küçə ticarəti ilə məşğul omağa icazə vermədiyini bildirir, ölkə rəhbərliyi və Daxili İşlər Nazirliyi tərəfindən köməklik göstərilməsini xahiş edir.
Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti olaraq bildiririk ki, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 3 aprel tarixli 94 nömrəli qərarına uyğun olaraq, səyyar (mövsümi) ticarət və xidmət küçələrin, səkilərin hərəkət hissəsində, dövlət müəssisə və təşkilatların binalarına, tarixi və mədəniyyət abidələrinə, təhsil müəssisələrinə bitişik ərazilərdə həyata keçirilə bilməz. Müəyyən edilmiş sahələrdən kənarda səyyar (mövsümi) ticarət və xidmət fəaliyyəti qadağandır. İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə müvafiq olaraq, qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə 80 manat məbləğində cərimə tətbiq edilir.
Vətəndaş Elçin Əliyevin haqsız iradına cavab olaraq bildirirk ki, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə yaradılmış Qanunsuz fəaliyyət göstərən istehsal, xidmət, ictimai iaşə, ticarət və səyyar satış obyektləruinə qarşı mübarizə Komissiyası tərəfindən qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilmədən göstərilən fəaliyyətin (ticarət, ictimai iaşə, xidmət, səyyar (mövsümi) satış, istehsal və s) qarşısının alınması məqsədilə şəhər ərazisində mütəmadi reydlər keçirilir və belə nöqsanların aşkar edildiyi təqdirdə hüquqi və fiziki şəxslərə qarşı zəruri tədbirlər görülür.
Xatırladaq ki, anadangəlmə gözdən əlil Elçin Əliyev müraciəti əsasında dəfələrlə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş, qaldırdığı məsələlərin həlli istiqamətində ona zəruri köməkliklər olunmuşdur.
Elçin Əliyevin İcra Hakimiyyətinə ünvanladığı müraciəti əsasında onun yaşadığı fərdi evin təmiri üçün zəruri materialların alınmasına Şəhər İcra Hakimiyyəti başçısının 31.05.2020-ci il tarixli Sərəncamı ilə vəsait ayrılmış və bank hesabına köçürülmüşdür. Bundan əlavə Elçin Əliyevin evinə su xətti çəkilmişdir. Həmçinin maddi durumu nəzərə alınaraq ona 16.04.2020-ci il tarixdə ərzaq yardımı, 2020-2021-ci dərs ilinin əvvəlində övladının məktəbli geyimi və dərs ləvazimatı ilə təmin olunması məqsədilə 220 manat, 2020-ci ilin  oktyabr ayında 200 manat birdəfəlik maddi yardım və 19.03.2021-ci il tarixdə isə Heydər Əliyev Fondu tərəfindən özünə,  24.03.2021-ci il tarixdə bacısı oğlu  azyaşlı, anadangəlmə serebral iflic olan Zeynalov Yusif Rəşad oğlunun ailəsinə ərzaq yardımı verilmişdir. Atası Xanlar Əliyev, bacısı Gülbəniz Əliyeva, qardaşı Natiq Əliyev, qardaşının həyat yoldaşı Gülay Eyvazova Kommunal Kombinatı Müəssisəsində, həyat yoldaşı isə 11 nömrəli tam orta məktəbdə işlə təmin olunmuşdur. Lakin Əliyev Elçin bununla kifayətlənməyərək 19.03.2021-ci il tarixdə yenidən İcra Hakimiyyətinə gələrək ona 3000 manat verilməyəcəyi təqdirdə bacısı oğlu ilə birlikdə meydanda özlərini yandıracaqlarını bildirmiş və bu barədə 22 mart 2021-ci il tarixdə Kanal24.az YouTube kanalı vasitəsilə böhtan xarakterli müraciət paylaşmışdır.
Əldə olunan məlumata əsasən Elçin Əliyev bacısı oğlu  azyaşlı, anadangəlmə serebral iflic olan Zeynalov Yusif Rəşad oğlunun müalicəsi ilə əlaqədar köməklik göstərilməsi barədə Heydər Əliyev Fondu vasitəsilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə müraciət etmiş, Agentlik Zeynalov Yusif Rəşad oğlunun müalicəsi məqsədilə dövlət xəstəxanalarından birinə maliyyə vəsaiti ayırmağa hazır olduğunu bildirmişdir. Lakin Əliyev Elçin Xanlar oğlu bacısı oğlu Zeynalov Yusif Rəşad oğlunun özəl xəstəxanada müalicə alacağını bildirmiş və Agentlikdən 15 min manat pul istəmiş, əks təqdirdə dövlət xəstəxanasında müalicədən imtina etmişdir. İcra Hakimiyyətinin başçısı İlqar Abbasov xəstəyə mütəxəssis həkimlər tərəfindən baxılıb, rəy verilməsi barədə Şirvan Mərkəzi Xəstəxanası Publik Hüquqi şəxsin direktoru İlham Mustafayevə müvafiq tapşırıq vermiş və mütəxəssis həkim rəyi alındıqdan sonra xəstədə cərrahi əməliyyatın hansı xəstəxanada aparılacağı barədə qərar qəbul ediləcəyi və müvafiq köməklik göstəriləcəyini bildirmişdir. Xəstənin əməliyyat və müalicə xərclərini qarşılamaq üçün Gülbəniz Əliyevaya 2021-ci ilin may ayında 260 manat, 2021-ci ilin sonuna qədər isə hər aya 100 manat maddi yardım göstərilməsi üçün Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən müvafiq Sərəncam verilmişdir. Bu il də yardımın davam etdirilməsi nəzərdə tutulmuşdur.
1-ci qrup gözdən əlil Elçin Əliyevə Şəhər İcra Hakimiyyəti başçısının 22.07.2021-ci il tarixli Sərəncamına əsasən Qurban bayramı münasibətilə və 09.09.2021-ci il tarixli Sərəncamına əsasən övladının məktəbli geyimi və dərs ləvazimatı ilə təmin olunması məqsədilə maddi köməklik göstərilmişdir.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən dəfələrlə edilən köməkliklərə və qanunvericiliyin tələblərinə məhəl qoymadan vətəndaş Elçin Əliyevin növbəti dəfə əsassız, qərəzli və böhtan xarakterli müraciətinin Kanal24 internet TV kanalında yayılması təəssüf hissi doğurur, cəmiyyətdə dövlət idarələrini və dövlət qulluqçularını nüfuzdan salmağa, onların işgüzar fəaliyyətlərinə xələl gətirməyə xidmət edir. İnternet TV və sosial şəbəkə adminlərinə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsini izləməyi və mətbuat xidmətinin məlumatlarına əsaslanmağı tövsiyə edirik.
                              

  Mətbuat xidməti

Keçidlər