Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətinin məlumatı

17 mart 2022 | 16:00

16 mart 2022-ci tarixdə “Azadlıq qəzeti”nin facebook səhifəsində qarşıdan gələn Novruz bayramı münasibətilə şəhid ailələrinə bayram sovqatı verilməsi məqsədilə Şirvan şəhərinin büdcə təşkilatlarında çalışanlardan müəyyən məbləğdə vəsait toplanması üçün Şəhər İcra Hakimiyyəti tərəfindən göstəriş verilməsi barədə yazı paylaşılıb.
    Şirvan Şəhər İcra Hakimiyyətinin mətbuat xidməti olaraq bildiririk ki, əsassız, qərəzli və böhtan xarakterli materialın  yayılmasından təəssüflənir  və şiddətlə qınayırıq. Jurnalist etikasına sığmayan bu əməl Şirvan Şəhər İcra Hakimiyyətinin gördüyü işlərə kölgə salmaq istəyindən başqa mahiyyət daşımır. Yaxşı olardı ki, faktlar Şirvan Şəhər İcra Hakimiyyəti ilə  dəqiqləşdirildikdən sonra məlumat paylaşılardı. Saytın və qəzetin rəhbərliyinə Şirvan Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsini izləməyi və mətbuat xidmətinin məlumatlarına əsaslanmağı tövsiyə edirik.
    Qeyd edək ki, digər bayramlarda olduğu kimi, qarşıdan gələn Novruz bayramında da bizə Qələbə sevincini və qürurunu yaşadan şəhidlərimizin ailələrinə və müharibə iştirakçılarına Şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovqatı verilməsi nəzərdə tutulmuşdur. Bununla bağlı şəhər ərazisində fəaliyyət göstərən heç bir idarə və təşkilatın işçisindən vəsait toplanması barədə göstəriş verilməyib. Bu cür həssas mövzudan istifadə edib, dövlət qurumlarına şər və böhtan atanların əməlləri, öz dilləri ilə desək, “mənəviyyata sığmayan cinayətdir”.
    Məlumat üçün bildiririk ki, 2020-ci iln sentyabrın 27-dən başlayan 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın Dəmir yumruğu ətrafında birləşən bütün Azərbaycan vətəndaşları kimi Şirvan sakinləri də həm ön cəbhədə, həm də arxa cəbhədə fəal iştirak edərək vətəndaşlıq borclarını ləyaqətlə yerinə yetiriblər. Şirvan şəhərindən 1000-ə yaxın gənc könüllü müraciət edərək döyüşlərdə iştirak edib, böyük qəhrəmanlıq və şücaət nümayiş etdirib, onlardan 100 nəfərdən çox gənc yaralanıb, 22 nəfər şəhid olub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ailələrinə başsağlığı diləyirik.
Şanlı Qələbədən sonra ölkə başçısı tərəfindən şəhid ailələrinə və müharibə iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğı Şirvan şəhərində də davam etdirilir. Şəhidlərimizin hər biri son mənzilə hörmət və izdihamla yola salınıb, Şəhər İcra Hakimiyyəti tərəfindən onların xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işləri aparılıb, Vətən müharibəsi şəhidlərinin məzarlarının üstü şəhid analarının müraciətlərinə əsasən qara mərmərdən götürülüb, yaxın vaxtlarda Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarları qara mərmərdən yenidən qurulacaqdır.  Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə “Şəhid anası” memorial abidə kompleksi yaradılıb. 10,1 hektardan çox sahəsi olan Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkı ən müasir üslubda əsaslı təmir edilərək, orada “Qarabağ” və “Zəfər” xiyabanları salınıb, qalib Azərbaycan əsgərinin şərəfinə “Zəfər” abidəsi  ucaldılıb.
    Ənənəvi olaraq, şəhidlərin doğum və anım günlərində Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanı ziyarət olunur, onların xatirəsi hörmət və ehtiramla yad edilir, ruhlarına dualar oxunur. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 Vətən müharibəsi şəhidinin adı yaşadıqları küçələrə verilərək əbədiləşdirilib. Şəhidlərin xatirəsinə ehtiram olaraq təhsil aldıqları məktəblərdə sinif otaqlarına adları verilib, şəhərin mərkəzi meydanında müasir monitor quraşdırılıb, monitorda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkilləri, barələrində məlumatlar davamlı olaraq təbliğ edilir. Şəhid övladlarına xüsusi həssaslıqla yanaşılır, şəhidlərimizin dövlətimizə əmanət qoyduqları körpələri şəhər rəhbərliyinin xüsusi diqqətində saxanılır. Şəhid ailələri mütəmadi ziyarət olunur, müraciətləri əsasında Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilir və problemlərinin həlli ilə bağlı müvafiq tapşırıqlar verilir və nəticəsinə nəzarət olunur. Görülən işlərlə bağlı Şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yetərli məlumatlar vardır.
    Şirvan Şəhər İcra Hakimiyyəti bundan sonra da dövlət başçısının şəhid və qazi ailələrinə göstərdiyi diqqət və qayğının şəhərimizdə də davam etdirilməsinə, şəhid və qazi adlarının uca tutulmasına, onlara daim maddi və mənəvi dəstək göstərilməsinə çalışacaqdır.

           Mətbuat xidməti

Keçidlər