Novruz bayramı münasibətilə Şirvan şəhərində şəhid ailələrinə və müharibə iştirakçılarına bayram sovqatı verilib.
Azərbaycan xalqının mədəniyyətini, milli mənəvi dəyərlərini özündə əks etdirən Novruz bayramı ərəfəsində Şirvan şəhərində şəhid ailələri və müharibə iştirakçıları ziyarət olunur.
17 mart 2022-ci il tarixdə xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı və Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqının Şirvan şəhər Komitəsinin dəstəyi ilə şəhər ərazisində yaşayan bir qrup şəhid ailəsi ziyarət olunub, onlara bayram sovqatı verilib və gündəlik qayğıları ilə maraqlanılıb.
Şəhid ailələri ilə görüşdə bildirilib ki, respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Ölkə prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların hər cür qayğı ilə əhatə olunması təşkil edir. Qeyd olunub ki, bu sahədə dövlət səviyyəsində həyata keçirilən tədbirlər Şirvan şəhərində də davam etdirilir. Bildirilib ki, Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı həm də birlik, bərabərlik, həmrəylik bayramıdır.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti