Şirvan şəhərində Novruz bayramı münasibətilə şəhid ailələrinə və müharibə iştirakçılarına bayram sovqatı verilib.
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı ərəfəsində Şirvan şəhərində şəhid ailələri və müharibə iştirakçıları ziyarət olunur.
18 mart 2022-ci il tarixdə xalqımızın milli bayramı olan Novruz bayramı münasibətilə Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhər ərazisində yaşayan bir qrup şəhid ailəsi ziyarət olunub, onlara bayram sovqatı verilib və gündəlik qayğıları ilə maraqlanılıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başıçısı İlqar Abbasov şəhid ailələri ilə görüşdə bildirib ki, torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi xalqımız tərəfindən daim əziz tutulur. Şəhidlərimizin ən yüksək ehtirama layiq olduğunu söyləyib. Təbiətin canlanması, yeni fəslin gəlişinin müjdəçisi, bolluq, bərəkət rəmzi olan Novruz bayramı münasibətilə şəhid ailələrini və müharibə iştirakçılarını təbrik edərək Ulu öndər Heydər Əliyevin Novruzu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar, xalqımızın milli ruhunu və yaddaşını, daxili aləmini bütün zənginliyi ilə yaşadan bayram kimi xarakterizə etdiyini vurğulayıb. Qeyd edib ki, qəhrəman şəhidlərimiz və igid oğullarımız sayəsində artıq ikinci ildir ki, Novruz tonqalı işğaldan azad olunmuş torpaqlarımızda da şölələnir. Bu gün bütöv Azərbaycan olaraq baharın gəlişini böyük sevinc və zəfər ruhu ilə qeyd edirik.
Şirvan Şəhər İcra Hakimiyyətinin başıçısı İlqar Abbasov şəhərimizdə görülən abadlıq-quruculuq işlərindən, şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan söhbət açıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ordenlərlə təltif olunan Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi məqsədilə şəhərimizdəki küçələrə verildiyini qeyd edib. Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərimizin daim ehtiramla yad olunduğunu, ailələrinin mütəmadi ziyarət edildiyini, problemlərinin aradan qaldırılması üçün ardıcıl tədbirlər həyata keçirildiyini söyləyib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti