Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun Novruz bayramı münasibəti ilə təbriki
Hörmətli şirvanlılar!
Sizi tarixi minillərlə ölçülən və milli-mənəvi dəyərlərimiz sırasında özünəməxsus yeri olan Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm, bu əziz günlərdə hər birinizə can sağlığı, bahar əhval-ruhiyyəsi və süfrələrinizə bol ruzi-bərəkət arzulayıram.
Təbiətin oyanışı, həyatın yenilənməsi, dirçəlişin rəmzi olan Novruz bayramı insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər aşılayır. Novruz təkcə insanlığın deyil, yer üzərindəki bütün canlı varlıqların bayramıdır.
Xalqımızın mədəniyyətini və milli-mənəvi dəyərlərini özündə əks etdirən Novruz ölkəmizi qədim sivilizasiyanın mərkəzlərindən biri kimi tanıdan misilsiz dəyərlərdən biridir. Bu bayramın qədim ənənələrinin bütün rəngarəngliyi ilə qorunub saxlanılması Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirir.
Ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərliyi dövründə Novruz bayramının dövlət səviyyəsində qeyd edilməsi tarixi köklərə qayıdışın parlaq nümunəsi olmaqla yanaşı, xalqımızın həmrəyliyini və bütövlüyünü təcəssüm etdirmişdir. Ulu Öndərin siyasi kursunu ləyaqətlə davam etdirən dövlət başçısı cənab İlham Əliyev öz fəaliyyətində adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə ehtiram və qayğı ilə yanaşır, milli birlik və həmrəyliyimizi əks etdirən Novruz bayramı hər il ölkəmizdə yüksək səviyyədə qeyd olunur.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, çox hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Novruz bayramı UNESKO-nun qeyri-mədəni irs siyahısına daxil edilmiş, BMT-nin Baş Assambleyası tərəfindən 21 mart tarixi “Beynəlxalq Novruz Günü” elan olunmuşdur. Artıq Novruz bayramı regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilmişdir.
30 ilə yaxın Novruz günlərində tutduğumuz ümumxalq diləyimiz nəhayət 2020-ci ilin sentyabrın 27-də Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi ilə şücaətli Azərbaycan Ordusu tərəfindən gerçəkləşmişdir. Ərazi bütövlüyümüz uğrunda başlanan Vətən müharibəsində 44 günlük zəfər yürüşü Şanlı Qələbə ilə başa çatmışdır. Artıq iki ildir ki, ölkə başçısı əlamətdar günlərdə ailə üzvləri ilə birlikdə işğaldan azad olunmuş şəhər və rayonlara səfər edir, aparılan abadlıq-quruculuq və bərpa işləri ilə tanış olur, Qarabağımızın yenidən cənnətə çevrilməsi üçün yeni-yeni layihələrin təməlini qoyur.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şücaətli Vətən övladlarının xatirəsini bu əziz günlərdə ehtiramla yad edir, onlara Allahdan rəhmət, ailələrinə səbir diləyirik. İnanıram ki, işğaldan azad edilmiş şəhər və kəndlərimizdə yandırılan bayram tonqalları şəhidlərimizin ruhunu şad edəcəkdir.
Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində sürətlə inkişaf edən və ildən-ilə gözəlləşən Şirvanımızda həyata keçirilən abadlıq-quruculuq işləri, əhalinin sosial problemlərinin həlli istiqamətində görülən işlər, iqtisadi sahədə əldə edilən nailiyyətlər tarixi Qələbənin və Baharın gəlişi fonunda sakinlərimizdə yüksək əhval-ruhiyyə yaradır, qurub-yaratmaq əzmini gücləndirir. Şirvan sakinlərinin hər zaman nümayiş etdirdiyi birlik və həmrəylik bundan sonra da ölkəmizin daha da çiçəkləməsi, inkişafı, ərazi bütövlüyünün qorunması, milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə çatdırılması yolunda davam etdiriləcəkdir.
Əziz şirvanlılar,
Bir daha sizin Bahar təravətli bayramınızı təbrik edirəm, hər bir şirvanlının evinə, ailəsinə xoş ovqat, sevinc və firavan həyat arzulayıram.
Novruz bayramınız mübarək olsun!