Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı növbəti səyyar qəbul keçirib.
Koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlərin yumşaldılması ictimai-siyasi və sosial-iqtisadi həyatın bütün sahələrində yenidən canlanma yaradıb. Şirvan şəhərinin sosial-iqtisadi inkişafını təmin etmək məqsədilə Şəhər İcra Hakimiyyəti başda olmaqla idarə, müəssisə və təşkilatlarda iş fəaliyyəti gücləndirilib. O cümlədən, vətəndaşların müraciətlərinə baxılması, qaldırılan məsələlərin yerindəcə araşdırılıb operativ həllinə nail olunması məqsədilə Şəhər İcra Hakimiyyəti başçısının səyyar qəbulları geniş vüsət alıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov təsdiq edilmiş qrafikə uyğun olaraq Bayramlı qəsəbə klubunda növbəti səyyar qəbul keçirib. Qəbulda millət vəkili İltizam Yusifov, İcra Hakimiyyəti Başçısının müavinləri, məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.
Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək iki il əvvəl dünyada başlayan pandemiyaya və ölkəmizdə aparılan 44 günlük Vətən müharibəsinə baxmayaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq heç bir sosial layihənin dayandırılmadığını, iri zavod və fabriklərin, ticarət mərkəzlərinin fəaliyyəti dayansa da ölkə iqtisadiyatının çox ciddi çətinliklə üzləşmədiyini xatırladıb. Hətta işğaldan azad olunmuş rayonlarda yeni infrastruktur layihələrin həyata keçirildiyini, abadlıq-bərpa işlərinin aparıldığını, ölkə büdcəsinin yenə sosial yönümlü olduğunu, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması, pensiya, müavinət və əmək haqlarının artırılmasını, şəhid ailələrinə və müharibə əlillərinə xüsusi diqqət və qayğının gücləndirildiyini diqqətə çatdırıb. Erməni təxribatına və təcavüzünə qarşı döyüşlərdə əsgər və zabitlərimizin göstərdikləri şücaət və qəhrəmanlıq nümunələrindən bəhs edərək şəhidlərə Allahdan rəhmət, ailələrinə səbir, yaralılara şəfa diləyib. Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman övladlarımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən uca tutulduğunu, Şirvan şəhərində də onların ailələrinə ehtiram göstərildiyini vurğulayıb. Qazanılan Zəfərin təməlinin Ulu öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə apardığı uzaqgörən xarici siyasət, cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevanın dünya dövlətləri, xarici informasiya agentlikləri ilə keçirdikləri görüşlər, diplomatik danışıqlar, Avropada ilk dəfə respublikamızda keçirilən irimiqyaslı layihələr ilə qoyulduğunu diqqətə çatdırıb. Respublikanın müdafiə qüdrətinin gücləndirilməsi və ordu quruculuğu sahəsində əldə olunan uğurların torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndiyini söyləyib. Fərrux yüksəkliyini azad edilməsinin və üçrəngli dövlət bayrağımızın həmin ərazilərdə yenidən dalğalanmasının Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun bir qarış torpağımızı da güzəştə getməyəcəyinin sübutu olduğunu qeyd edib. Bu yaxınlarda BMT ilə əməkdaşlığımızın 30 illiyi münasibətilə ölkəmizdə fəaliyyət göstərən səfirliklərin və diplomatik nümayəndəliklərin işğaldan azad olunan ərazilərə səfərindən bəhs edərək, orada bir daha dünyanın erməni vandalizminə şahid olduğunu bildirib. Dünyada analoqu olmayan “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin tezliklə həmin ərazilərdə gerçəkləşəcəyini və ölkəmizin qısa müddətdə daha da inkişaf edəcəyini söyləyib.
Millət vəkili İltizam Yusifov respublikamızda aparılan abadlıq-yenidənqurma işlərinin Şirvanda da davam etdirilməsindən qürur hissi keçirdiyini bildirib. Şəhərin mərkəzi və məhəllədaxili küçələrinin işıqlandırılmasının, asfaltlanmasının, su təchizatının və kanalizasiya sisteminin yenidən qurulmasının, yaşıllıqların salınmasının şəhər sakinlərinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb.
Sonra Şəhər İcra Hakimiyyətinin başçısı qəbula gələn vətəndaşları fərdi qaydada dinləyərək onların səsləndirdikləri problemlərin qısa zamanda aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib. Qaldırılan bir çox məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyəti qurumlara həvalə edilib.
Qəbulda iştirak edən vətəndaşlar problemlərinin həlli istiqamətində göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Mətbuat xidməti