Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı ənənəvi olaraq növbəti ayın sonuncu cümə axşamı şəhid ailələri ilə görüşüb.

31 mart 2022 | 16:00

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov ənənəvi olaraq hər ayın sonuncu cümə axşamı Şəhidlər Xiyabanını ziyarət edir, şəhid ailələri ilə görüşür, onların narahat edən problemlərlə maraqlanır, həlli istiqamətində müvafiq tapşırıqlarını verir.
31 mart 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, millət vəkili İltizam Yusifov, YAP Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov, hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə növbəti ayın sonuncu cümə axşamında Şirvan Şəhidlər Xiyabanını ziyarət edib. Sonra Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət olunub, ruhlarına dualar oxunub, ailələrinə səbr dilənib.
Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov “Şəhid anası” memorial abidə kompleksinin önündə şəhid ailələri ilə görüşüb, onlara belə vətənpərvər, şücaətli, igid oğullar yetişdirdikləri  üçün təşəkkürünü bildirib. Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışıb, bu qayğının Şirvan şəhərində də davam etdirildiyini vurğulayıb. Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən, Şəhidlər Xiyabanında aparılan abadlıq-quruculuq işlərindən bəhs edib. Vətən müharibəsi şəhidlərinin məzarlarının üstünün şəhid analarının müraciətlərinə əsasən qara mərmərdən götürüldüyünü, yaxın vaxtlarda Birinci Qarabağ müharibəsi şəhidlərinin də məzarlarının qara mərmərdən yenidən qurulacağını diqqətə çatdırıb. Şəhidlər Xiyabanında şəhid analarının şərəfinə yaradılan “Şəhid anası” memorial abidə kompleksinin şücaətli və vətənpərvər oğulları yetişdirən və onları Vətən uğrunda qurban verən analara ehtiramın bariz nümunəsi olduğunu bildirib. 10,1 hektardan çox sahəsi olan Məhəmməd Füzuli adına mədəniyyət və istirahət parkının ən müasir üslubda əsaslı təmir edilərək, orada “Qarabağ” və “Zəfər” xiyabanları salındığını, qalib Azərbaycan əsgərinin şərəfinə “Zəfər” abidəsi  ucaldıldığını söyləyib. Ənənəvi olaraq, şəhidlərin doğum və anım günlərində Şəhər İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə Şəhidlər Xiyabanının ziyarət olunduğunu, onların xatirəsinin daim hörmət və ehtiramla yad edildiyini vurğulayıb. “Şəhid adının əbədiləşdirilməsi haqqında“ qanununa uyğun olaraq 5 Vətən müharibəsi şəhidinin adının yaşadıqları küçələrə verilərək əbədiləşdirildiyini qeyd edib. Şəhərin mərkəzi meydanında müasir monitorun quraşdırıldığını, monitorda Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin fotoşəkillərinin, barələrində məlumatların davamlı olaraq təbliğ edildiyini xatırladıb. Şəhid ailələrinə göstərilən həssas münasibətin davam etdiyini, bu günki görüşün həmin diqqətin bir hissəsi olduğunu bildirib.
  Sonra Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid ailələrini narahat edən məsələlərlə maraqlanıb və bu barədə çıxış etmələri üçün onlara söz verib.
Görüşdə iştirak edən  şəhid ailələri  onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə və Birinci-vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya təşəkkürlərini  və minnətdarlıqlarını bildiriblər.
İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti qurumlara zəruri tapşırıqlar verib.
Sonda  şəhər məscidinin imamı Əvəz Mehrəliyev Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda  canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.

                                                   
 Mətbuat xidməti

Keçidlər