31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş növbəti tədbir Şirvan şəhər Heydər Əliyev Mərkəzində keçirilib.
31 mart 2022-cil tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan şəhər Heydər Əliyev Mərkəzi və Tarix-diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə 31 Mart-Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar "Azərbaycana qarşı erməni təcavüzünün nəticələri" mövzusunda anım tədbiri keçirilib.
Öncə soyqırım qurbanlarının və Vətən uğrunda canlarını fəda etmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi Fəridə Yahyayeva 1918-ci ilin mart soyqırımının öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğunu söyləyib. Azərbaycanlıların soyqırımının təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildiyini bildirib. Dinc əhalinin kütləvi qətlə yetirilidiyini, şəhər və kəndlərin yandırıldığını, milli mədəniyyət abidələrinin məhv edildiyini diqqətə çatdırıb.
Tarix-Diyarşünaslıq muzeyinin direktor əvəzi Aynur İbrahimli mart qırğınları zamanı ermənilərin bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtdıqlarını xatırladıb. Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələrinin ağır zədə aldığını vurğulayıb.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tarix müəllimi S.Ələkbərova, Şirvan şəhər E.İmanov adına 10 saylı tam orta məktəbin tarix müəllimi Töfhə Məmmədova, Mərkəzi Kitabxana Sisteminin əməkdaşı Kəmalə Quliyeva, Şirvan şəhər Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşı Ləman Mikayılova çıxışlarında tarixin səhifələrini vərəqləndikcə yeni-yeni faktların, erməni vəhşiliyinin tükürpədən səhnələrinin üzə çıxdığını qeyd ediblər. Təkzibolunmaz arxiv sənədlərinin, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutların aşkarlandığını bildiriblər. Müasir gəncliyin əsas vəzifəsinin güclü dövlət naminə obyektiv tariximizə etinasızlıq göstərməməsi, tariximizi dəqiq öyrənməsi və qonşularımızın kimlər olduğunu heç vaxt yaddan çıxarmaması olduğunu vurğulayıblar.
Mətbuat xidməti