Şirvan Şəhər İcra Hakimiyyətində Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun iclası keçirilib.
06 aprel 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin iclas zalında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada Şirvan Şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin, Qeydiyyat şöbəsinin, Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin, Təhsil şöbəsinin, Sosial Xidmət Müəssisəsinin məsul şəxsləri iştirak edib.
İclası Şəhər İcra Hakimiyyəti başçısının müavini, monitorinq qrupunun sədri Aynur Fərzəliyeva açaraq ölkəmizdə qadın hüquqlarının müdafiəsi, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazasının yaradılması barədə geniş məlumat verib. Qeyd edib ki, müstəqillik qazandıqdan sonra ölkəmiz Ulu öndərin təşəbbüsü və dəstəyi ilə gender bərabərliyi və qadın hüquqlarına dair beynəlxalq normalara riayət olunması ilə bağlı bir sıra öhdəliklər götürüb. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib və yerli icra hakimiyyəti orqanlarında Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları yaradılıb. Monitorinq qrupları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə yerlərdə gender zorakılığına qarşı mübarizə ilə əlaqədar qanunamivafiq tədbirlər həyata keçirir, gələckdə baş verə bilcək neqativ hallara qarşı profilaktik işlər görür.
Şirvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsinin baş məsləhətçisi, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun katibi Samirə İsmayılova ötən dövr ərzində qrupun fəaliyyəti, qrupun yeni tərkibi, tədbirlər planı barədə məlumat verib. Pandemiya dövründə qrupun maarifləndirmə tədbirlərində məhdudiyyətlər yaransa da, onlayn seminarlar vasitəsilə bu sahədə boşluğun aradan qaldırıldığını bildirib. Məişət zorakılığı ilə bağlı Şəhər İcra Hakimiyyətinə daxil olmuş müraciətlər və görülmüş işlərdən danışıb. Monitorinq qrupunun yenilənmiş tərkibi ilə gender zorakılığı və uşaqlara qarşı zorakılıqla bağlı mütəmadi müzakirələr aparılacağını, ümumtəhsil müəssislərində vaxtaşırı maarifləndirici tədbirlərin keçiriləcəyini, bu sahədə daha səmərəli fəaliyyət göstəriləcəyini qeyd edib.
Maraqlı diskussiya şəraitində keçən görüşdə Şirvan şəhər Polis şöbəsinin İctimai Təhlükəsizlik bölməsinin rəisi Nazim Bağırov, sahə rəisi Emin Budaqov, Şirvan şəhər Təhsil şöbəsinin nümayəndəsi Elçin Həsənov, Şirvan şəhər Qeydiyyat şöbəsinin müdiri Bəhmən Quliyev, Sosial Xidmətlər Agentliyinin 14 saylı filalialının müdiri Vasif Əliyev, Şirvan şəhər Mərkəzi Xəstəxanasının Doğum evinin mama-ginekoloqu Sevinc Alışova, Hacıqəhrəmanlı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Tərlan Muradov riskli ailələrin müəyyən edilməsi və lazımi dəstəyin göstərilməsi, zorakılığın səbəblərinin araşdırılması və təhlil edilməsi, xüsusilə də baş vermiş ağır zorakılıq hallarının müzakirəsi, zorakılıq qurbanlarının müdafiəsi və müvafiq yardımlarla təmin edilməsi sahəsində görülən işlərdən danışıblar. Zorakılığa yol açan səbəblərin başında narkomaniya, təhsilsizlik, iqtisadi asılılıq, hüquqi bilgisizlik dayandığını vurğulayıblar. Erkən nikahın gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına atmaqla yanaşı, həmçinin bir sıra fəsadlar yaratdığını bildiriblər. Məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində həyata keçirilən tədbirlərin, hüquqi maarifləndirmənin vacibliyini qeyd ediblər.
İclasın sonunda gender əsaslı zorakılığa qarşı tədbirlərin davamlı olması və bu sahədə maarifləndirmənin gücləndirilməsi barədə təkliflər səsləndirilib.
Mətbuat xidməti