Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şirvan şəhərində seminar keçirilib.
“Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası məqsədi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 8 aprel 2022-ci il tarixdə Şirvan Gənclər Evi Sosial Xidmət Müəssisəsində seminar keçirilib. Seminarda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət xanım Qəhrəmanova, Komitənin əməkdaşları Vəfa Ələkbərova və Tural Hüseynzadə iştirak edib.
Şirvan, Salyan, Hacıqabul və Kürdəmir şəhər və rayonlarının Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvlərinin cəlb olunduğu seminarda qrupların 2021-ci il və 2022-ci il üzrə fəaliyyət istiqamətləri müzakirə olunub.
Sədaqət Qəhrəmanova seminar iştirakçılarını salamladıqdan sonra gender siyasəti və məişət zorakılığına qarşı mübarizə istiqamətində dövlət səviyyəsində görülmüş işlərdən danışıb. Yerli icra hakimiyyətləri orqanlarında monitorinq qruplarının yaradılmasının qadınların cəmiyyətin bütün sahələrində fəallığının artırılması, gender bərabərliyinin təmin olunması, məişət zorakılığının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlərin gücləndirilməsi, zorakılıqdan zərər çəkmiş şəxslərin aşkarlanması və hüquqlarının müdafiəsi sahəsində görülən işlərin səmərəliliyini artırmaq məqsədi daşıdığını bildirib. Qrup üzvlərinin İcra Hakimiyyəti, Polis şöbəsi, Bələdiyyə, Sosial Xidmət müəssisəsi, Səhiyyə, Təhsil orqanlarının nümayəndələrindən təşkil olunmasının zorakılığa məruz qalanların sosial-demoqrafik vəziyyətinin öyrənilməsi, bütün sahələr üzrə profilaktik tədbirlər həyata keçirilməsi zərurətindən irəli gəldiyini ifadə edib.
Şirvan Şəhər İcra Hakmiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının müavini Xuraman Məmmədova, Kürdəmir Rayon İcra Hakmiyyəti başçısının müavini Vəsilə Əsgərli, Salyan Rayon İcra Hakmiyyətinin şöbə müdirinin müavini Aqşin Babayev çıxış edərək, rəhbərlik etdikləri Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının fəaliyyəti, məişət zorakılığının, erkən nikahın qarşısının alınması, nikahlar və boşanmalar, erkən yaşda hamiləliklər, doğuşlar, qadınlara qarşı cinayətlər barəsində hesabat xarakterli məlumatlar veriblər.
Seminar diskussiya şəraitində müzakirələrlə davam edib. Sonda Sədaqət xanım Qəhrəmanova Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının gələcək fəaliyyətləri ilə bağlı tövsiyə və tapşırıqlarını verib.
Mətbuat xidməti