Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda şəhid Ərəbli Rahil Rafiq oğlunun doğum günü qeyd olunub.

14 aprel 2022 | 16:00

Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan şəhidlərimizin doğum və anım günlərində onların ailələrinin, məzarlarının ziyarət olunması Şirvan şəhərində ənənə halını alıb. Ənənənin davamı olaraq  2016-cı ilin Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalan Ərəbli Rahil Rafiq oğlunun doğum günü Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə qeyd edilib.
14 aprel 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbaov, millət vəkili İltizam Yusifov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi İlkin Məmmədov, Şəhər Bələdiyyəsinin sədri Kürdoğlu Muradov, Şəhər İcra Hakimiyyəti aparatının məsul əməkdaşları, şəhid ailələri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları öncə Şirvan şəhər Şəhidlər Xiyabanında Ərəbli Rahil Rafiq oğlunun məzarını ziyarət edərək gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhid Ərəbli Rahil Rafiq oğlunun məzarı önündə çıxış edərək anasına başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. Aprel döyüşlərinin böyük zəfərə gedən yolun başlanğıcı olduğunu, Azərbaycan Ordusunun gücünü, qüdrətini, qələbə əzmini bütün dünyaya göstərdiyini və xalqımızın tarixi torpaqlarını heç vaxt güzəştə getməyəcəyini bir daha sübut etdiyini vurğulayıb. 2020-ci ilin sentyabrında Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin «Dəmir yumruğu» ətrafında birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söyləyib. 44 günluk Vətən müharibəsində Rahil kimi qəhrəman oğullarımızın davamçılarının sonsuz cəsarət və qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdiyini, respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da üçrəngli bayrağımızın əzəmətlə dalğalandığını diqqətə çatdırıb. Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əbədi ehtirama layiq olduqlarını vurğulayıb. Hazırda dövlət siyasətinin əsas istiqamətlərindən biri olan müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsindən, onların problemlərinin vaxtında həllinə nail olunmasından, Şirvanda da şəhid ailələri və qazilərə yüksək səviyyədə diqqət və qayğı göstərilməsindən bəhs edib.
Millət vəkili İltizam Yusifov ölkəmizdə vətənpərvər, cəsarətli və şücaətli nəsil yetişdiyini, buna görə zəhmətkeş, mərd analara borclu olduğumuzu bildirib. Siyasi iradənin güclü iqtisadiyyatın və milli həmrəyliyin bəhrəsi olaraq, qısa zamanda azad edilən torpaqlarımızda aparılan abadlıq-bərpa işləri nəticəsində məcburi köçkünlərimizin doğma ata-baba yurdlarına geri dönəcəyini diqqətə çatdırıb. Vətənimizin müdafiəsi və daha da inkişafı naminə ölkə başçısının ətrafında sıx birləşməyin vacibliyini qeyd edib.
Ziyarətin sonunda şəhər məscidinin imamı Əvəz Mehrəliyev Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, konstitusiya quruluşu və ərazi bütövlüyü uğrunda  canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxuyub.
Şəhidin anası ağır itki olmasına baxmayaraq, övladının şərəfli ölümü, şəhidliyi ilə ailəsinə və xalqına başucalığı gətirdiyini qeyd edərək, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Birinci vitse-prezident, çox hörmətli  Mehriban xanım Əliyevaya və şəhər rəhbərliyinə minnətdarlıqlarını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 Mətbuat xidməti

Keçidlər