18 aprel 2022-ci il tarixdə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə tarixi abidələrə ekskursiya təşkil olunub.
18 aprel 2022-ci il tarixdə “Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Şirvan şəhər İcra Hakimiyyətinin, Şirvan Dövlət Rəsm Qalereyasının, Şirvan şəhər Mədəniyyət Mərkəzinin və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhərində yerləşən tarixi abidələrə ekskursiya təşkil olunub.
Ekskursiya Ulu öndər Heydər Əliyevin şəhərin Heydər Əliyev meydanında ucaldılmış heykəlinin ziyarəti ilə başlayıb. İştirakçılar Ulu öndərin xatirəsinə ehtiram əlaməti olaraq abidənin önündə gül dəstələri düzüblər.
Sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarixi və mədəniyyət abidələrinin əhəmiyyət dərəcəsinə görə bölgüsü” siyahısına daxil olan müasir Şirvan şəhərinin ərazisində yerləşən 5 tarixi və mədəniyyət abidəsi: Son tunc –ilk dəmir dövrünə aid Nekropol, İsmət Qayıbov adına mədəniyyət və istirahət bağı, XIX əsrə aid Cümə məscidi, Zubovka suvurma stansiyası, Yaşayış binası və Qanlı dərə üzərindəki daş körpüyə ekskursiya təşkil olunub.
Sonda ölkə əhəmiyyətli tarix və mədəniyyət abidəsi olan İsmət Qayıbov adına mədəniyyət və istirahət bağında Şirvan Dövlət Rəsm Qalereyasının dərnək üzvləri tərəfindən işlənmiş rəsmlərdən ibarət səyyari sərgi təşkil olunub.Sərgidə Şirvan şəhərinin tarixi abidələrinin və mənzərəli məkanlarının təsvirindən ibarət rəsmlər yer alıb. Dərnəyin üzvləri tərəfindən bağda plener də təşkil olunub. Şagirdlər parkın təbiət mənzərəsini etüd ediblər. Sərgi və plener bağda istirahət edən sakinlər tərəfindən maraqla qarşılanıb.
Mətbuat xidməti