Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın 99 illik yubileyi təntənə ilə qeyd olunub.

27 aprel 2022 | 16:00

27 aprel 2022-ci il tarixdə Şirvan Şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının, Şəhər Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin  birgə təşkilatçılığı ilə Şirvan Diaqnostika Mərkəzində  görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş elmi-nəzəri konfrans keçirilib.
    Konfransdan öncə əsl Azərbaycan xanı¬mı, gözəl ana, qayğıkeş həyat yoldaşı, fitri istedada malik həkim, istedadlı alim Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr edilmiş sərgi nümayiş olunub.
    Tədbir iştirakçıları sərgi ilə tanış olduqdan sonra Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladlarının xatirəsini 1 dəqiqəlik sükut və ehtiramla yad ediblər.
    Konfransı giriş sözü ilə açan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva çıxış edərək Azərbaycan xalqının görkəmli simalarından olan Zərifə xanım Əliyevanın ölkə səhiyyəsinin inkişafında gördüyü işlərdən, eləcə də onun insani keyfiyyətlərindən danışıb. Önun alim kimi qazandığı böyük uğurların Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil etdiyindən, elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğundan söz açıb. Geniş dünyagörüşə, çevik ağla malik, sadəlik, genişürəklilik, xeyirxahlıq kimi xüsusiyyətləriin sayəsində Zərifə xanımın hər yerdə özünə dərin hörmət və məhəbbət yaratdığını bildirib. Sədaqətli ömür-gün yoldaşı olan Zərifə xanımın öz mənalı həyat yolunu bütün varlığı ilə sevdiyi bu böyük şəxsiyyətlə-Ulu öndər Heydər Əliyevlə bağladığını, ona dayaq olduğunu vurğulayıb. Bu böyük insanın keçdiyi şərəfli ömür yolunun hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbi olduğunu söyləyib. Onun təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərinə, həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarix salnaməsində dünya şöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli bir vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacağını qeyd edib.
    Sonra Şəhər Diaqnostika Mərkəzinin həkim-oftalmoloqu Günel Sayılova çıxış edərək  Zərifə Əliyevanın oftalmologiya elminin inkişafı naminə apardığı tədqiqat işlərinin verdiyi bəhrələrdən danışıb . Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələrinin Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etdiyini, onun səyləri nəticəsində ilk dəfə görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyasının yaradıldığını, yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf etdiyini diqqətə çatdırıb. Fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, о cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etdiyini, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının axtarılması yollarında dəyərli elmi araşdırmalar apardığını bildirib.
    Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının sədri Zahir Qəhrəmanov çıxış edərək bildirib ki, 1970-ci illərdə Heydər Əliyev Azərbaycanın I katibi vəzifəsində işlədiyi dövrdə əlbəttə ki, onun həyat yoldaşı Zərifə xanımın müxtəlif imtiyazları, üstünlükləri ola bilərdi. Lakin  Zərifə xanım  çox sadə insan idi. Ölkənin birinci şəxsinin həyat yoldaşı olduğunu heç vaxt büruzə vermirdi. Həmişə sadə insanların əhatəsində olurdu, onlara kömək göstərmək arzuları, amalları ilə yaşayırdı. Zərifə xanım əsl ziyalı idi, Azərbaycan xanımına xas olan bütün müsbət keyfiyyətləri özündə birləşdirirdi, onları təcəssüm etdirirdi. Qeyd edib ki, Zərifə xanım Əliyevanın bir ana kimi ən böyük xidməti, ümummili lider Heydər Əliyevin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirməsidir.
    Konfransın sonunda akademik Zərifə xanım Əliyevanın ömür yoluna həsr olunmuş “Zirvələrə yüksələn zərif insan ömrü” filmi nümayiş olunub.

Mətbuat xidməti

Keçidlər