Hacıqəhrəmanlı qəsəbəsində “Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin” adlı seminar keçirilib.
`Şirvan Şəhər İcra Hakimiyyətində yaradılmış Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun Tədbirlər Planına uyğun olaraq şəhər ərazisində erkən nikah hallarının qarşısının alınması sahəsində silsilə maarifləndirmə tədbirləri keçirilir.
29 aprel 2022-ci il tarixdə şəhərin Hacıqəhərmanlı qəsəbəsində yerləşən 12 nömrəli məktəbin akt zalında Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yarımçıq təhsil, erkən nikah, qanunsuz kəbin” adlı seminar keçirilib.
Seminarda Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun İcra Hakimiyyəti, Bələdiyyə, Təhsil, Səhiyyə və Polis şöbələrinin nümayəndələrindən ibarət üzvləri, məktəbin müəllim və yuxarı sinif şagirdləri, valideynlər iştirak edib.
Seminarı giriş sözü ilə açan Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun sədri Aynur Fərzəliyeva dünyada olduğu kimi ölkəmizdə də ekən nikahın fəsadlarına və cəmiyyətə vurduğu ziyana görə dövrümüzün mühüm və aktual problemlərindən biri olduğunu, buna görə də ölkəmizdə bu məsələnin nəzarətdə saxlanılması və həll edilməsi üçün ciddi normativ hüquqi bazanın yaradıldığını bildirib. Şəhər ərazisində məişət zorakılığı hallarının aşkar edilməsi, zorakılıq qurbanlarına hüquqi və mənəvi dəstək göstərilməsi, zorakılıq törədən şəxslərlə maarifləndirici söhbətlərin aparılması, lazım gələrsə məsuliyyətə cəlb edilməsi, erkən nikahların və qanunsuz kəbinlərin qəti şəkildə qarşısının alınması, qızların təhsil alması, reproduktiv sağlamlığa nəzarət olunması və digər məsələlərlə bağlı monitorinq qrupunun qısa zamanda gördüyü işlərdən danışıb.
Şirvan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun katibi Samirə İsmayılova 15 noyabr 2011-ci ildə Milli Məclisin qərarı ilə Ailə və Cinayət məcəllələrinə dəyişiklik etməklə qızların nikah yaşı həddinin bir il artırılaraq 17-dən 18 yaşa çatdırıldığını, Ailə məcəlləsinin 10.2 bəndinə görə üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin müvafiq icra hakimiyyəti orqanı onların xahişi ilə nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verə bildiyini diqqətə çatdırıb. Yalnız Qeydiyyat şöbələrində bağlanılan nikahların hüquqi əhəmiyyət daşıdığını, 8 iyul 1944-ci ilə qədər bağlanan nikahlar istisna olmaqla Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 1.5 maddəsinə görə kəbininin (dini nikah) hüquqi əhəmiyyətə malik olmadığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nikah olmadan dini kəbinin kəsilməsini qadağan etməsi barədə qərarını xatırladıb. Qanunsuz nikahla ailə quran qızların ailə mübahisələrində Ailə, Mülki məcəllələrin qanuni nikah üçün verdiyi hüquqlardan istifadə edə bilmədiyni vurğulayıb. Seminar iştirakçılarını erkən nikahla bağlı özlərinin və yaxınlarının müdafiəsinə, hətta şahidi olduqları halların aşkara çıxarılmasına və aidiyyəti qurumların iştirakı ilə qarşısının alınmasına biganə qalmamağa çağırıb.
Təhsil şöbəsinin müdiri, Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupunun üzvü Rövşən Allahverdiyev erkən nikahın qarşısının alınması sahəsində təhsilin rolundan bəhs edərək şagirdlərin bu sahədə maarifləndirilməsini təmin etmək məqsədilə ümumtəhsil məktəblərində təhsil alan IX-XI sinif şagirdləri arasında vaxtaşırı disbutlar, dəyirmi masalar və fərdi söhbətlər aparıldığını diqqətə çatdırıb. Şirvan şəhərində qızların təhsildə və xüsusilə ali məktəblərə qəbul sayına görə üstün olduğunu, Hacıqəhrəmanlı qəsəbəsi də ötən illərə nəzərən qızların təhsil almasında xeyli irəliləyiş əldə etdiyini, hətta qəsəbə məktəbinin son dövrlərdə şəhər məktəbləri ilə yarışdığını söyləyib.
Şəhər Mərəkəzi Xəstəxanasının publik Hüquqi Şəxsinin mama-ginekoloqu Sevinc Alışova erkən nikahın fəsadları və reproduktiv sağlamlıq haqqında danışıb. Cinsi cəhətdən yetkin olmamaları və vaxtsız hamiləliyin azyaşlı qızların sağlamlığını böyük risk altında qoyduğunu, onların hamiləlik vaxtı həkimə çox vaxt müraciət etmədiyini, erkən yaşda hamiləlikdən doğulan uşaqların da sağlamlığında ciddi problemlər yarandığını vurğulayıb. Yeniyetmələrdə səbirsizlik, dözümsüzlük daha çox olduğundan, ailədə istənilən problemin ağırlığı altında depressiyalara, bəzən hətta ağır psixi pozuntulara məruz qaldıqlarını qeyd edib.
Hacıqəhərmanlı bələdiyyəsinin sədri Samirə Abışova Hacıqəhrəmanlı qəsəbəsində erkən nikah və qanunsuz kəbinlə bağlı mövcud vəziyyətdən bəhs edib. Bu sahədə hazırda çox ciddi faktlar olmasa da profilaktik tədbirlərin aparıldığını bildirib.
Polis şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin Yetkinlik Yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Abbas Rəcəbli Cinayət Məcəlləsinin nikah yaşına çatmayan şəxsi nikaha daxil olmağa məcbur etməyə görə məsuliyyət nəzərdə tutan maddələri barədə məlumat verib. Qızların təhsildən yayındırılaraq və zorakılığa məruz qalaraq ərə verilməsinə yol verən şəxslərin cinayət məsuliyyətinə cəlb olunduğunu bildirib.
Sonra monitorinq qrupunun üzvləri seminarda iştirak edən şagird və valideynləri maraqlandıaran sualları cavablandırıblar. El ağsaqqalı Hacı Nəriman Şahbazov seminarın qəsəbə sakinlərinin erkən nikah, qanunsuz kəbin və qohumlar arasında nikaha qarşı maariflənməsinə töhfə verəcəyini bildirib. Şəhər və qəsəbə sakinlərinin sosial rifah halının yüksəlməsinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse prezident, çox hörmətli Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Mətbuat xidməti