Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində “Heydər Əliyevin dövlətçilik siyasətində azərbaycançılığın yeri və rolu" mövzusunda tədbir keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Şəhər İcra Hakimiyyəti və Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 99-cu ildönümü ilə əlaqədar “Heydər Əliyevin dövlətçilik siyasətində azərbaycançılığın yeri və rolu" mövzusunda tədbir keçirilib.
Tədbirdə Şirvan şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Adəm Hüseynov, Kollecin direktoru Barxudar Barxudarov, Kollecin müəllimləri və tələbələri iştirak edib.
Əvvəlcə tədbir iştirakçıları Ulu öndərin abidəsini ziyarət edərək, xatirəsinə ehtiram olaraq abidənin önünə tər çiçəklər düzüblər.
Tədbir Kollecin akt zalında dövlət himninin səslənməsi ilə davam edib. Ulu Öndər Heydər Əliyevə həsr olunmuş film nümayış olunduqdan sonra Kollecin direktoru Filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov çıxış edərək Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edib. Bildirib ki,bu günlərdə eyni zamanda Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümü qeyd olunur. Zərifə xanımın Azərbaycana cənab İlham Əliyev kimi Prezident və Ali Baş Komandan bəxş edən bir ana olaraq, hər zaman tarixdə qalacağını qeyd edib.
İcra Hakimiyyətinin Şirvan şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini, Dini qurumlarla işin təşkilatçısı məsul işçisi Adəm Hüseynov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsi barədə ətraflı məlumat verib. Heydər Əliyev və Azərbaycançılıq məfkurəsinin müstəqil Azərbaycan dövlətinin ana xəttini təşkil etdiyni qeyd edib. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışının ilk günündə etdiyi çıxışda azərbaycançılığı dövlət idarəçiliyi fəlsəfəsində əsas tezis kimi irəli sürdüyünü xatırladıb. Azərbaycan Respublikasının ərazisində yaşayan hər bir vətəndaşın milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq eyni hüquqa malik olduğunu vurğulayıb.
Sonra Kollecin tarix müəllim Mehran Əhməd qızı Ulu Öndərə həsr etdiyi "Unulmaz nəğməkar" essesini səsləndirib.
Kollecin Tərbiyə İşləri üzrə direktor müavini Aidə Əsədova Ümummilli lider Heydər Əliyevin 99-cu ildönümünə həsr olunmuş "Sən elə bir zirvəsən!" adlı Respublika İFA müsaqibəsi haqqında məlumat verib. Müsaqibənin Zona mərhələsinin Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecində keçirildiyini bildirib. Kollecin tələbələrinin şeir və mahnı nominasiyaları üzrə II və III yeri qazandıqlarını söyləyib.
Tədbirin sonunda Şəhanə Zeynalova “Ulu Öndər” şeirini, Lamiyə Zahidova "Ey vətən" mahnısını səsləndirib. "Sən elə bir zirvəsən!" adlı Respublika İFA müsabiqəsinin final mərhələsinin qalibləri diplom və fəxri fərmanla mükafatlandırılıblar.
Mətbuat xidməti