Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ramazan bayramı münasibəti ilə şəhər sakinlərini təbrik edib.
Əziz Şirvanlılar,
Sizi müsəlman dünyasının ən müqəddəs bayramlarından olan, on bir ayın sultanı sayılan Ramazan bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə can sağlığı, uzun ömür və tutduğunuz orucunuzun Tanrı dərgahında qəbul olunmasını diləyirəm.
Müsəlmanların dini kitabı olan Qurani-Kərimin nazil olduğu bu mübarək ay ilahi hikmətlər, həmrəylik, barış, əmin-amanlıq, xeyirxahlıq ayıdır. İnsanları birliyə, bərabərliyə, paylaşmağa səsləyən Ramazan ayı xaqımızın mənəvi dünyasında xüsusi yer tutur və bəşər övladına dözüm, mərhəmət, xeyirxahlıq təlqin edir.
Ölkə başçısının hər il bu müqəddəs ayda iftar mərasimində iştirak etməsi, müsəlman dövlətlərinin səfirləri ilə görüşməsi, məscid və ziyarətgahlarımızın dövlətimizin başçısı İlham Əliyevin yaxından köməkliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə yenidən qurulması, əsaslı təmir edilməsi ölkəmizi mədəni-mənəvi və dini dəyərlərə ehtiram məkanına çevirmişdir.
Uzun illərdir xalqımızın həsrətlə gözlədiyi doğma torpaqlarımıza xalqımızın birliyi, gücü və həmrəyliyi ilə yenidən sahib olmağı bizə yaşadan qəhrəman Vətən oğullarının əziz xatirəsini bu mübarək bayram günlərində bir daha ehtiramla yad edir, Azərbaycan dövlətinin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhid qardaşlarımıza Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Əziz bacılar və qardaşlar,
İnanıram ki, bu müqəddəs bayram günlərində etdiyiniz dua və diləklər, saf niyyətlər Allah dərgahında qəbul olunacaq, Uca Yaradan öz mərhəmətini xalqımızdan əsirgəməyəcəkdir. Böyük güc, dözümlülük və həmrəyliyin simvolu olan Müqəddəs Ramazan bayramında sizə bir daha firavanlıq, bol ruzi, sağlam həyat və xoşbəxtlik arzulayıram.
Ramazan bayramınız mübarək olsun!