Məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş esse (yazı) müsabiqəsinin şəhər mərhələsi keçirilib.
05 may 2022-ci il tarixdə Şirvan şəhər İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Şirvan şəhər Təşkilatının və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə məktəblilər arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş esse (yazı) müsabiqəsinin şəhər mərhələsi keçirilib. Bu mərhələdə müsabiqənin məktəb turunun qalibləri iştirak edib. Ümumilikdə müsabiqəyə 300-dən artıq şagird cəlb edilib. Müsabiqədən öncə Şirvan şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Şirvan-Salyan Regional Təhsil İdarəsi Şirvan şəhəri üzrə məsul işçisi Elçin Həsənov şagirdlərlə görüşərək Ulu öndər Heydər Əliyevin müasir, müstəqil Azərbaycan dövlətinin inkişafındakı tarixi xidmətlərindən danışıblar. Ulu öndərin hər bir azərbaycanlıya, xüsusilə gənclərə, yeniyetmələrə həssaslıqla yanaşdığını, onlarla keçirilən tədbirlərdə şəxsən iştirak etdiyini, yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılmasına və onların istedadlarının inkişafına lazımi şəraitin yaradılmasına həmişə önəm verdiyini bildiriblər. Bu gün də ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş esse (yazı) müsabiqəsində məktəblilərin fəal iştirak edəcəyinə əmin olduqlarını bildirərək iştirakçılara uğurlar arzu etdilər.
Müsabiqənin qalibləri diplom və hədiyyələrlə mükafatlandırılacaqlar.
Mətbuat xidməti