“Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Şirvan şəhər Peşə liseyinin tələbələri 3-cü yerə layiq görülüb.
Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinin yekun konserti keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Təhsil Nazirliyi Uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Qeyrət Şirəliyev, Azərbaycan Respublikasının xalq artistləri Tamella Eldarova, Əli Nurzadə, Azərbaycan Respublikasının əməkdar artistləri Təyyar Bayramov, Zenfira Həsənova, Yeni Azərbaycan Partiyasının Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, müavini Abbas Pənahov və digər qonaqlar iştirak edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında Müasir Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cü ildönümünə həsr olunmuş “Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsinə respublikanın müxtəlif bölgələrindən 3000-ə yaxın tələbə qatılıb. Müsabiqədə peşəkar münsiflər heyəti tərəfindən 86 nəfər qalib müəyyən olunub.
“Sən elə bir zirvəsən” adlı respublika ifa müsabiqəsində Şirvan şəhər Mədəniyyət Mərkəzinin “Gur” rəqs ansamblının həvəskar müəllimi Rövşən Babayev rəhbərliyi ilə Şirvan şəhər Peşə liseyinin tələbələri 3-cü yerə layiq görülüblər.
Yekun konsertdə qaliblərə diplom və hədiyyələr təqdim olunub.
Mətbuat xidməti