26 İyun – Silahlı Qüvvələr Günü Şirvan şəhərində qeyd edilib.
İyunun 25-də Şirvan Şəhər İcra Hakimiyyətinin, Daxili Qoşunların və Fövqəladə Hallar Nazirliyinin Şirvan şəhərində yerləşən hərbi hissələrinin birgə təşkilatçılığı ilə 26 İyun –Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib.
Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, hərbçilər, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə əvvəlcə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.
Sonra Şirvan şəhər Şəhidlər Xiyabanında davam edən tədbir zamanı Birinci Qarabağ müharibəsində Şirvan şəhərindən itkin düşən şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə tər güllər düzülüb, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, ailələrinə səbir arzulanıb.
Şəhid analarının xatirəsinə ucaldılmış “Şəhid Anası” memorial abidə kompleksi ziyarət olunduqdan sonra Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov çıxış edərək, tədbir iştirakçılarını Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108 illiyi və 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.
Çıxışında ölkəmizdə güclü və müasir ordunun formalaşdırılmasının dövlət siyasətinin əsas prioritetlərindən biri olduğunu qeyd edən İlqar Abbasov bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strateji inkişaf kursunun möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizin müdafiə potensialı əhəmiyyətli dərəcədə möhkəmlənib. Vurğulayıb ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun İkinci Qarabağ müharibəsi zamanı əldə etdiyi möhtəşəm Zəfər, eləcə də sonrakı antiterror tədbirləri nəticəsində dövlətimizin suverenliyinin tam təmin olunması həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasətin mühüm nəticəsidir. Azərbaycan Silahlı Qüvvələrinin yüksək peşəkarlığı, müasir silahlanması və güclü döyüş hazırlığı ilə regionun ən qüdrətli orduları sırasında xüsusi yer tutduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, şəhid ataları Alim Zülfüqarov və Rəhim Hüseynov, Şirvan şəhər Ağsaqqallar Şurasının sədri Fəxrəddin Rəhimov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, Daxili Qoşunların Şirvan şəhərində yerləşən hərbi hissəsinin komandiri Rəşadət Süleymanov, müharibə iştirakçıları bütün hərbçiləri 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə səmimi-qəlbdən təbrik ediblər.
Çıxışlarda Azərbaycan Ordusunun şanlı tarixi, dövlətçiliyin möhkəmləndirilməsində və torpaqlarımızın azad olunmasında hərbçilərin göstərdiyi şücaət və qəhrəmanlıq xüsusi vurğulanıb. Qeyd olunub ki, Silahlı Qüvvələr ölkəmizin suverenliyinin və təhlükəsizliyinin əsas təminatçısıdır. Şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, onların ailələrinə dərin hörmət və səbir ifadə olunub. Sonda hərbçilərə möhkəm sağlamlıq, şərəfli xidmətlərində uğurlar arzulanıb.
Tədbir çərçivəsində həmçinin şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə və ənənəvi olaraq hər ay olduğu kimi iyun ayının sonuncu cümə axşamı şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə görüşüb, onların müraciət və təkliflərini dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib.
Şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci-vitse prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidməti






