27 sentyabr – Anım Günü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd edilib.
Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Vətən müharibəsinin başladığı 27 sentyabr gününün hər il Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edilməsi barədə ölkə başçısı cənab İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində sentyabrın 27-də ümumşəhər anım tədbiri keçirilib.
Öncə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailəsi üzvləri və müharibə iştirakçıları şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək, əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Sonra Şəhidlər Xiyabanında Birinci Qarabağ müharibəsində itkin düşən Şirvan şəhidlərinin xatirə lövhəsi, Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub. Şəhər İcra Hakmiyyətinin başçısı İlqar Abbasov şəhidlərin ailə üzvlərinin, yaxınlarının hər biri ilə görüşüb, onlara Allahdan səbir diləyib.
Şəhid analarının şərəfinə ucaldılan “Şəhid Anası” memorial abidə kompleksinin qarşısında keçirilən tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin Anım Günü kimi qeyd edilməsini xatırladaraq, bunun qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinə dərin ehtiramın ifadəsi olduğunu vurğulayıb.
İlqar Abbasov Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribat törətməsinə cavaba olaraq başlayan, cəmi 44 gün davam edən və tarixi Zəfərlə sona çatan İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan Ordusunun göstərdiyi qəhrəmanlıqlardan bəhs edib. Bildirib ki, çoxəsrlik Azərbaycan dövlətçiliyi tarixinə parlaq səhifə kimi yazılan 44 günlük Vətən müharibəsi xalqımızın və dövlətimizin gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycan öz gücü hesabına tarixi hüququ və ədaləti bərpa etdi. Silahlı Qüvvələrimizin uğurla həyata keçirdiyi və cəmi 23 saat davam edən lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam bərpa olundu.
Qeyd edib ki, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və onun ən yaxın silahdaşı Azərbaycan Respublikasının Birinci - vitse prezidenti hörmətli Mehriban xanım Əliyeva Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram göstərir, onların xatirəsinin əbədiləşdirilməsini, eləcə də qazilərimizin müalicəsini və sağlamlıqlarının bərpasını diqqət mərkəzində saxlayır.
Tədbirdə digər çıxış edənlər – Daxili Qoşunların Şirvan şəhərində yerləşən hərbi hissəsinin komandiri, polkovnik Rəşadət Süleymanov, Şirvan şəhər S.Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Şəmsiyyə Əskərova, şəhid anası Məryam Həsənova və müharibə iştirakçısı Taciyəddin Vəliyev Vətən müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən qürur hissi ilə danışıblar. Qazanılan Böyük Zəfərin əhəmiyyətinə toxunaraq, torpaqlarımızın işğaldan azad edilməsində, tarixi qələbənin qazanılmasında qəhrəmanlıq göstərərək, canını Vətən uğrunda qurban vermiş şəhidlərimizə Allahdan rəhmət diləyiblər. Haqq savaşımızda şəhidlik zirvəsinə ucalan igid Vətən övladlarının xatirəsinin daim xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Saat 12:00-da ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, avtomobillərdən səs siqnalları verilib.
Tədbirin sonunda şəhər məktəbliləri Anım Gününə həsr olunmuş ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Tədbirdən sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri el qəbiristanlığında şəhid məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Birinci Qarabağ müharibəsində şəhid olan Milli Qəhrəmanlar Rəfael Həbibovun, Tahir Bağırovun, Nofəl Quliyevin büstləri ziyarət olunub, xatirələri ehtiramla yad edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!






