27 sentyabr – Anım Günü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd edilir.
Sentyabrın 25-də Anım Günü ilə əlaqədar Şirvan şəhərində yerləşən M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında ucaldılmış Zəfər abidəsi ziyarət olunub. Ziyarət zamanı şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, Zəfər abidəsi önünə gül dəstələri düzülüb.
Sonra M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhər İcra Hakimiyyəti başçısının müavinləri və Aparatının əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Aksiya zamanı müxtəlif növ ağaclar əkilərək, aqrotexniki qulluq göstərilib. Eyni zamanda, ərazidə təmizlik və abadlıq işləri aparılıb.
Aksiyanın keçirilməsində məqsəd torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi, ekoloji vəziyyətin sağlamlaşdırılması və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.






