27 Sentyabr Anım Günüdür.
27 Sentyabr... Vətən müharibəsinin başlandığı gün. 3000-ə yaxın şəhidimizin hüznlə yad edildiyi Anım Günü... Hər zaman sülhün və humanizmin təmsilçisi olan xalqımızı bu müharibəyə təhrik edən səbəblər nələr idi? Əslində, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri 200 ildən də çox əvvələ gedib çıxır. Çar Rusiyası dövründə Azərbaycan ərazilərinə köçürülən ermənilər “Özümə yer elərəm, gör sənə neylərəm” siyasətindən yola çıxaraq münbit torpaqlarımızı mənimsəməyə, azərbaycanlıları sıxışdırmağa başlamış, 1905-1907-ci, 1918-ci illərdə minlərlə soydaşımızı qətlə yetirmişlər. Sovet dönəmində də ermənipərəsət bolşevik məmurların dəstəyi ilə onlar öz bildiklərini etmiş, 1948-1953-cü illərdə 150 minə, 1988-ci ildə isə 300 minə yaxın yurddaşımız öz tarixi dədə-baba torpaqlarından qovulmuşdur. Monoetnik dövlətə çevrilmiş Ermənistan “dənizdən dənizə Ermənistan” xülyası ilə neçə-neçə kəndlərin, şəhərlərin dağıdılmasına, on minlərlə günahsız insanın ölümünə, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsinə səbəb olmuşdur. Bu hadisələrə ilk dəfə Ümummilli Lider Heydər Əliyev siyasi-hüquqi qiymət verərək 31 Mart tarixini Azərbaycanlıların Soyqırımı Günü elan etmişdir. Birinci Qarabağ müharibəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunub, Başlıbel, Ağdaban, Baqanis-Ayrım, Xocalı faciələri törədilib. Lakin bu tarixi cinayətləri görən və göz yuman beynəlxalq aləm susub. Həm ATƏT-in Minsk Qrupu, həm də BMT bu barədə tərəfləri beynəlxalq sülhə çağıran bəyanatlarla kifayətlənib.
30 il münaqişəni sülh yolu ilə həll etməyə çalışan Azərbaycan dəfələrlə Ermənistana həddini bildirmiş, lakin düşmən nə Lələtəpə, nə də Tovuz döyüşlərindən nəticə çıxarmamış, Azərbaycana qarşı siyasi və hərbi təxribatlarını davam etdirmişdir.
Nəhayət, 2022-ci il 27 sentyabr tarixində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə bütün cəbhə boyu hücuma keçərək 1990-cı illərdə itirilmiş ərazilərimizi azad etməyə başladı. Artıq xalq və hakimiyyət bir yumruq kimi birləşmişdi. Bu birliyin qarşısında heç bir düşmən dayana bilməzdi.
Vətən müharibəsində “Dəmir yumruq” düşmənin başına amansızlıqla endi. Qəhrəman oğullarımızın şücaəti, Ali Baş Komandanın düzgün siyasəti nəticəsində düşmən məhv edildi. Bu döyüşlərdə ağır itkilərə məruz qalsaq da, 44 gün ərzində- sentyabrın 27-dən Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə, 286 kənd işğaldan azad edildi. Üçtərəfli bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu, 25-də Kəlbəcər Azərbaycana təhvil verildi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri nəzarətə götürüldü. Beləliklə, üçtərəfli bəyanata uyğun olaraq, Ağdam, Kəlbəcər və Laçın rayonlarının sülh yolu ilə qaytarılması prosesi başa çatdı. Vətən müharibəsi bizim şanlı tariximizdir. Bu tarix şəhidlərimizin qanı ilə yazılmışdır. Xalqımız və dövlətimiz vətənin azadlığı uğrunda canından keçmiş igid oğullarımızı unutmur və heç zaman unutmayacaq. 2020-ci il 2 dekabr tarixində imzalanmış sərəncamla 27 Sentyabrın Anım Günü elan edilməsi şəhid ruhlarına ali ehtiramın təcəssümüdür. Qələbə münasibəti ilə orden və medalların təsis edilməsi, yaralıların reabilitasiyası, sosial problemlərin həlli istiqamətində görülən işlər qazilərimizə dövlətimizin qayğısının təkrar sübutudur. Bu gün Azərbaycan xalqı öz igid övladlarını hüzn və fəxarətlə yad edir, onların ölməz ruhları qarşısında baş əyir. Qəlbimizi bürüyən kədərlə yanaşı bir təsəllimiz də var. Nə yaxşı ki, hər biri bir dastana çevrilmiş Azərbaycan igidlərinin və Ali Baş Komandanın iradəsi nəticəsində bu gün hər birimiz böyük sevinc və qürur hissi ilə deyə bilirik: “Qarabağ Azərbaycandır!”
Arif Əliyev
Şirvan şəhər 10 nömrəli tam orta məktəbin direktoru