28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir.
Prezident İlham Əliyev oktyabrın 14-də Astanada keçirilmiş Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət başçıları Şurasının iclasında ATƏT-in Minsk Qrupunun fəaliyyətini konkret ifadələrlə ortaya qoydu: “Təəssüf ki, 28 il ərzində Minsk Qrupunun nəticəsi sıfıra bərabərdir.” Dövlətimizin başçısı bir daha bütün dünyaya artıq öz təsdiqini tapmış həqiqəti bəyan edərək bildirdi ki, Azərbaycan beynəlxalq hüquqa, BMT-nin Nizamnaməsinə, o cümlədən hər bir ölkənin özünümüdafiə hüququna malik olmasını nəzərdə tutan BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq münaqişəni özü həll edib və artıq Qarabağ münaqişəsi nizamlandığına görə Minsk qrupunun xidmətinə heç bir ehtiyac yoxdur. ATƏT-in Minsk qrupu işğal dövründə dəfələrlə şahidi olduğu erməni cinayətlərinə səssiz qalmışdır, bu faktın özünün də tam ciddiliyi ilə nəzərə alnması vacibdir. Ermənistan İkinci Qarabağ müharibəsi başa çatandan sonra da ölkəmizə qarşı mina və snayper terrorunu davam etdirir. Ötən iki il ərzində Azərbaycanın 250-dən çox vətəndaşı əsasən işğal dövründə basdırılan minaların partlaması nəticəsində ya həlak olub, ya da ciddi xəsarət alıb. Azad edilmiş ərazilərdə indiyədək Ermənistan istehsalı olan piyada əleyhinə 1400 mina aşkarlanıb. Bu minalar 2021-ci ildə Laçın rayonu ilə sərhəd ərazidə basdırılıb. İşğal dövründə ATƏT-in Minsk Qrupunun həmsədri kimi Fransanın təmsilçiləri dəfələrlə işğal olunmuş ərazilərimizdə olublar və erməni vandallarının bu ərazilərdə törətdikləri vəhşilikləri də öz gözləri ilə görüblər. Lakin Fransa heç zaman bütün bunlara görə Ermənistanı qınamayıb. Bu fakt Minsk qrupunun həmin dövrdə işğal altında olan ərazilərə səfər edən missiyaların eynilə minalanma proseslərinin də şahid ola biləcəklərinə dair əsaslı şübhələr yaradır. Azərbaycan və Ermənistan arasında münasibətlərə əslində heç bir aidiyyəti olmayan Fransanın dövlət başçısının bugünkü mövqeyi, xüsusən də bu mövqeyin işğalçı, terrorçu bir ölkənin yanında formalaşması da bu şübhələri bir qədər də gücləndirir. Azərbaycana qarşı daim qərəzli mövqe sərgiləyən bir dövlətin ümumiyyətlə ölkəmizlə bağlı hər hansı bir məsələnin müzakirələrində iştirakı yolverilməzdir.Azərbaycan xalqı Fransa prezidentinin İkinci Qarabağ müharibəsinin gedişi zamanı Azərbaycan əleyhinə səsləndirdiyi əsassız ittihamları da, şər və böhtan xarakterli bəyanatları da, Fransa Senatının və aşağı palatanın qondarma “Dağlıq Qarabağ”ı tanıyan qətnamələr qəbul etdiklərini də unutmayıb. Bu gün isə Makron qətiyyən vicdan əzabı çəkmədən 30 il Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlayan, təkcə obyekt və evləri deyil, hətta məscidləri, mədəniyyət abidələrini də darmadağın edən, qadınları və uşaqları qətlə yetirən, hərbi əməliyyatların getdiyi ərazilərdən yüz kilometrlərlə uzaqda yerləşən dinc şəhərləri raket atəşinə tutan Ermənistanın tolerant, sülhsevər olduğunu iddia edir, bundan sonra da ermənilərin yanında olacağını söyləyir. Fransa prezidentinin işlətdiyi “bundan sonra da” ifadəsi isə belə düşünməyə əsas verir ki, o, Xocalıda günahsiz insanları, körpə uşaqları qırdıqları zaman da, hərbi əsirləri işgəncə verdikdən sonra qətlə yetirərək ümumi məzarlıqlarda dəfn edəndə də və nəhayət bir neçə gün öncə Azərbaycanın Parisdəki səfirliyinə iki dəfə edilmiş basqın zamanı da ermənilərin yanında olub. Təbii ki, bütün bunlar Fransanın bir vasitəçi ölkənin istənilən halda saxlamalı olduğu tərəfsizlik keyfiyyətini artıq çoxdan itirdiyini göstərir. Təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Makronun bu bəyanatlarından sonra Fransanın “Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında hər hansı rol almasının mümkünsüzlüyü” barədə bəyanatı gözlənilən idi və dövlət başçımızın bu bəyanatı birmənalı olaraq Azərbaycan xalqının iradəsini ifadə edir.
Hüseyn İsmayılov
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin baş məsləhətçisi