Qələbənin 67-ci ildönümü Şirvan şəhərində də qeyd olundu
Şirvan şəhəri İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq 1941-1945-ci illər müharibəsində faşizm üzərində Qələbənin 67-ci ildönümü Şirvan şəhərində silsilə tədbirlərlə geniş qeyd olundu. Tədbir iştirakçıları - İcra Hakimiyyəti Başçsının şura üzvləri, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimai-siyasi qurumların və Böyük Vətən müharibəsi veteranlarının nümayəndələri öncə Şəhidlər Xiyabanını ziyarət etdilər.
Sonra Qələbənin 50 illiyi şərəfinə ucaldılmış abidə önündə ümumşəhər tədbiri keçirildi. Tədbiri Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov açdı. Natiq qələbənin 67-ci ildönümü münasibətilə müharibə veteranlarını və şəhər ictimaiyyətini təbrik etdi. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda əldə olunan sosial-iqtisadi inkişafdan, dövlət və vətən qarşısında xidməti olan insanlara, o cümlədən Böyük Vətən müharibəsi veteranlarına göstərilən dövlət qayğısından danışdı. Prezidentin sərəncamı ilə II dünya müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına və müharibə iştirakçılarının dul qalmış qadınlarına maddi yardımlar göstərildiyini qeyd etdi. Şirvan şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 50 nəfərə yaxın müharibə veteranına da ərzaq yardımının göstərildiyini vurğuladı. Tədbirdə çıxış edən Şirvan şəhər Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin rəisi vəzifəsinin icraçısı mayor Sacəddin Həsənov, Şirvan şəhər Veteranlar şurasının sədri Musa Quliyev 1941-1945-ci illər müharibəsində qələbənin əldə edilməsində azərbaycanlıların, o cümlədən şirvanlıların göstərdikləri şücaətlərdən danışdılar. Sonra ictimaiyyət nümayəndələri və veteranlar adından Azərbaycan Respublikası cənab İlham Əliyevə təbrik məktubu ünvanlandı.
Şəhər ictimaiyyətinin nümayəndələri Qələbənin 50 illiyi abidəsi önünə gül-çiçək dəstələri qoyaraq,müharibədə həlak olanların xatirəsini yad etdilər, xatirə şəkili çəkdirdilər.
Şirvan şəhər İcra Hakimiyyəti Başçısının şura üzvləri və hüquq mühafizə orqanlarının rəhbərləri Sovet İttifaqı qəhrəmanı Şirin Şökürovun da qəbirüstü abidəsini ziyarət edərək, abidə önünə gül-çiçək dəstələri qoyub xatirəsini yad etdilər.
Tədbirin sonunda müharibə veteranları üçün bayram süfrəsi və konsert təşkil edildi.