Şriftin ölçüsü :

Saytın rəngi :

31 iyul 2024-cü il tarixdə Şirvan Şəhər İcra Hakimiyyəti başçısı yanında Şura iclasında 2024-cü ilin birinci yarısında şəhərdə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

31 iyul 2024 | 20:25

Şəhər İcra Hakimiyyəti başçısının, YAP Şirvan şəhər təşkilatının sədrinin, Şura üzvlərinin, hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə, müəssisə rəhbərlərinin iştirakı ilə keçirilən yığıncaqda öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov geniş məruzə ilə çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən daxili və xarici siyasət nəticəsində ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də ictimai-siyasi sabitliyin daha da möhkəmləndiyini, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində irimiqyaslı abadlıq-quruculuq işlərinin həyata keçirildiyini, “Yeni Şirvan” yaşayış kompleksinin tikintisi, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, “İDEA” İB-nin “Bizim həyət” layihəsi çərçivəsində yeni “Abad məhəllə”lərin və yaşıllıqların salınması işlərinin davam etdirildiyini qeyd edib.

Bildirib ki, 15 mart 2024-cü il tarixli, 43 nömrəli Sərəncamı ilə Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf proqramı təsdiq edilib. Proqramın məqsədi Şirvan şəhərinin davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi və vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması və digər kompleks tədbrləri təmin etməkdən ibarətdir. Bu istiqamətdə atılacaq addımlar sırasına dayanıqlı iqtisadi artımın dəstəklənməsi, layiqli məşğulluq imkanlarının yaradılması, şəhər əhalisi üçün əlçatan, etibarlı və müasir enerji xidmətləri, habelə təmiz enerji texnologiyalarının tətbiqi, iqtisadi inkişafı və insan rifahını dəstəkləyən keyfiyyətli və möhkəm infrastrukturun qurulması, habelə ekoloji ekosistemlərin dayanıqlığının təmin edilməsi kimi prioritet məsələlər proqrama daxil edilmişdir. Bildirib ki, ölkədə aparılan uğurlu islahatlar şəhərimizin iqtisadiyyatında da əsaslı keyfiyyət dəyişikliklərinə səbəb olmuş, dinamik iqtisadi inkişaf təmin edilmişdir.  Belə ki, Şirvan şəhərində fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 2024-cü ilin 6 ayı ərzində 336 milyon 287,6 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Sənaye məhsulunun 56,2 faizi dövlət, 43,8 faizi isə qeyri-dövlət müəssisə və təşkilatları tərəfindən istehsal olunmuşdur. 2024-cü ilin 6 ayı ərzində şəhərdə 108.4 min ton əmtəəlik neft, 2.3 milyon m3 əmtəəlik qaz və 2 milyard 695,9 milyon kvt-saat elektrik enerjisi istehsal edilmişdir. Keçən ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 6,3 faiz, sərnişin daşınması isə 8,1 faiz artmışdır.  2024-cü  ilin 6 ayında pərakəndə ticarət dövriyyəsinin həcmi  1,1 faiz, ödənişli xidmətlərin həcmi isə  6,7 faiz artmışdır.

Şirvan şəhərində bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 857,0 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz çox olmuşdur.

Yığıncaqda Şəhər İcra Hakimiyyətinin başçısının müavini Aynur Fərzəliyeva  2024-cü ilin 6 ayı ərzində şəhərdə  ictimai-siyasi və keçirilmiş digər tədbirlər barədə geniş məlumatla çıxış edərək bildirib ki, Ümummilli Lider Heydər Əliyev ideyalarının gənclər arasında təbliği, yeni nəslin vətənpərvərlik, azərbaycançılıq və müstəqil dövlətçilik prinsipləri əsasında formalaşdırılması, tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə edilməsi, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda rolunun artırılması, onların intellektual və yaradıcı potensialının ümummilli məsələlərin həllinə yönəldilməsi işi davam etdirilmişdir. Qeyd edib ki, hesabat dövrü ərzində  “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Şirvan şəhərində maarifləndirmə tədbirləri keçirilmiş, şəhər ərazisində aparılmış yaşıllaşdırma tədbirləri ilə əlaqədar ümumilikdə 2950 ədəd müxtəlif növ ağac, 7712 ədəd gül kolları əkilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə Möhtərəm Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən göstərilən yüksək diqqət və qayğı Şirvan şəhərində də uğurla həyata keçirilmişdir.

Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Şaiq Şıxəliyev şəhərdə görülmüş abadlıq-quruculuq işləri haqqında məlumat verərək “İDEA” İctimai Birliyinin təşəbbüsü ilə həyata keçirilən “Bizim həyət” layihəsi çərçivəsində şəhərin Tofiq İsmayılov 1,3,17 və 20 Yanvar 17,17A nömrəli yaşayış binalarının qarşısında ümumi sahəsi 1,2 hektar olan nümunəvi məhəllədə abadlıq işlərinin başa çatdırıldığını və Novruz bayramı ərəfəsində bina sakinlərinin istifadəsinə verildiyini qeyd edib. Həmçinin Şirvan şəhərinin 2024-2028-ci illər üçün “Yeniləşən Şirvan” sosial-iqtisadi inkişaf Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq şəhər ərazisində turizm nümayiş obyekti kimi istifadə oluna biləcək İsmət Qayıbov adına Mədəniyyət və İstirahət parkında əsaslı yenidənqurma işlərinin aparılacağı, Kür çayı sahilində (sahilboyu) bulvarın salınacağı haqqında geniş məlumat verib.

Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Aynur Vələdova, Şəhər Statistika İdarəsinin rəisi Rövşən Yolçuyev, “İşıq” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov,  Şirvan Şəhər Polis Şöbəsinin rəisi Fizuli Əhmədov çıxış edərək 2024-cü ilin 6 ayı ərzində ölkəmizin və Şirvan şəhərinin sosial-iqtisadi inkişafına xidmət edən fəaliyyət sahələrində əldə olunan uğurlardan danışıb, Şirvan şəhərində aparılan abadlıq, quruculuq işlərini, infrastruktur layihələrinin əhalinin rifah halının daha da yaxşılaşmasına xidmət edəcəyini vurğulayıblar. Yığıncaqda şəhərdə aparılan genişmiqyaslı abadlıq, quruculuq işlərinin, həyata keçirilən infrastruktur layihələrin şirvanlılar tərəfindən rəğbətlə qarşılandığı qeyd edilib. Dövlətimizin başçısının uğurla həyata keçirdiyi davamlı inkişaf strategiyasının, tapşırıq və tövsiyələrinin bundan sonra da ardıcıl həyata keçiriləcəyi, şirvanlıların ölkəmizin hərtərəfli inkişafına yeni töhfələr verəcəyi, Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunan müstəqil dövlətçilik strategiyasının davam edəcəyinə inam ifadə olunub.  

Sonda Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov tədbir iştirakçıları adından şəhər Məhkəməsinin sədri Etibar Hümbətovu doğum günü münasibətilə təbrik edərək nailiyyətlər arzu edib.

Keçidlər