31 mart - Azərbaycanlıların Soyqırım Gününə həsr olunmuş “Tarix unudulmur” adlı anım tədbiri keçirilib.
31 mart 2023-cü il tarixdə Şirvan “Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və Şirvan Peşə Liseyinin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tarix unudulmur” mövzusunda anım tədbiri keçirilib. Anım tədbiri tarix boyu ölkəmizin başına gətirilən faciə və soyqırım qurbanlarının, 44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə açıq elan olunub. Gənclər Evinin direktoru Əfqan Həsənov və Şirvan Peşə Liseyinin direktoru Elnur Novruzov çıxış edərək, gənclərə 1918-ci ilin mart-aprel aylarında erməni silahlı dəstələri tərəfindən Bakı şəhərində, Bakı quberniyasının müxtəlif bölgələrində, eləcədə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı törədilmiş soyqırımı hadisələri haqqında ətraflı məlumat veriblər. Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini uca tutmaq, əbədiləşdirmək, igid övladların fədakarlığını məhəbbətlə xatırlamaq, onların əziz xatirəsini böyük ehtiramla yad etməyin hər bir Azərbaycanlının borcu olduğunu vurğulayıblar. Sonra məktəblilər şəhidlərin əziz xatirəsinə həsr olunmuş bədii kompazisiya ilə çıxış ediblər. Tədbirin sonunda 1918-ci ildə bolşevik və daşnakların Azərbaycan xalqının başına gətirdikləri soyqırımdan bəhs edən "Sündü" filmi nümayiş olunub. Qeyd edək ki, Sündü kəndi (hazırda Qobustan rayonuna məxsusdur) soyqırıma ən çox məruz qalan kəndlərdəndir.
Mətbuat xidməti