Şriftin ölçüsü :

Saytın rəngi :

31 mart soyqırımından 105 il ötür

31 mart 2023 | 09:05

Hər bir xalqın tarixində elə hadisələr olur ki, bu hadisələr uzun zaman keçsə də unudulmur, nəsillər bir-birini əvəz etsə də xatırlanır, yeni nəsillərin də yaddaşına həkk olunur. Xalq nə yaxşılığı, nə də yamanlığı unuda bilmir. 31 mart qırğını da xalqımızın tarixinə, onun taleyinə qanlı hərflərlə yazılmışdır. Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 105 il ötür. 1918-ci ilin 31 martında Bakıda minlərlə azərbaycanlı erməni daşnakları tərəfindən vəhhicəsinə öldürülmüşdür. 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik, dini mənsubiyyətinə görə qətlə yetirilmiş, işgəncələrə məruz qalmışlar. Yaşayış məntəqələri dağıdılmış, azərbaycanlılara məxsus mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirmiş, Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirmişlər. 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində Bakı şəhərində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmiş, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişlər. Tariximizdə ilk dəfə olaraq xalqımızın başına gətirilən soyqırımı faciələrinə siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verdi. Ulu Öndərin 1998-ci il 26 mart tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi. Sözügedən sənəd məsələ ilə bağlı aparılan tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına, araşdırmaların miqyasının genişləndirilməsinə təkan verdi. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir. 2007-ci ildə Mart soyqırımı maddi sübutlarla, dəlillərlə aşkara çıxarıldı. Belə ki, həmin il Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparıldı. Məzarlıqda 500-dək insan kəlləsi vardı. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara aid idi. Bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verdi. Soyqırımı qurbanlarının kütləvi məzarlığı hər il azərbaycanlılarla yanaşı ölkəmizə gələn əcnəbi qonaqlar, turistlər, diplomatlar və ictimaiyyət nümayəndələrinin də ziyarət məkanına çevrilir. Bunlar ermənilərin tarixin ayrı-ayrı dövrlərində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin yalnız az bir hissəsidir. Mart soyqırımın 100-cü ildönümü Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkə miqyasında əhəmiyyətli tədbirlərlə qeyd olundu. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzaladı. Sərəncama əsasən, erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirilib. Bir sözlə, bu Sərəncam Azərbaycan Prezidentinin dövlətçilik tariximizə, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə verdiyi yüksək dəyər, Azərbaycan Respublikasının öz sələfinin hüququ və mənəvi mirasına sədaqətini nümayiş etdirdiyinin sübutudur. Bu gün xalqımız üçün ən böyük təsəlli ərazi bütövlüyümüzün təmin olunması, tarixi ədalətin bərpa edilməsidir. 44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycan xalqının illərdir necə vəhşi millətlə üz-üzə qaldığını nümayiş etdirdi. Şanlı Zəfərimiz bütün şəhidlərimizin, o cümlədən 31 Mart soyqırımı qurbanlarının qanını yerdə qoymadı. Azərbaycan tarixi Zəfəri ilə nəinki bölgəni, bütövlükdə dünyanı erməni faşizmindən xilas etdi. Azərbaycan xalqı tarix boyu başına gətirilən müsibətləri, erməni vəhşiliklərini heç zaman unutmayacaq və bu cinayətləri törədənləri bağışlamayacaq.

 

Samit Həsənov

Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi 

Keçidlər