Şriftin ölçüsü :

Saytın rəngi :

14-23 sentyabr 2012-ci il tarixdə Ankaranın Etimesgut Bələdiyyəsi tərəfindən keçirilmiş “Beynəlxalq Anadolu Günləri 9” adlı mədəniyyət və incəsənət festivalı

24 sentyabr 2012 | 15:00

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının razılığı ilə 2011-ci ilin iyul ayından etibarən Türkiyənin Ankara Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan şəhər Bələdiyyəsi qardaşlaşmış bələdiyyədirlər. Qardaşlamanın davamı olaraq 14-23 sentyabr 2012-ci il tarixlərində Ankaranın Etimesgut Bələdiyyəsi tərəfindən türk dünyası arasındakı qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtdırmaq məqsədilə “Beynəlxalq Anadolu Günləri 9” adlı mədəniyyət və incəsənət festivalının 10-cu günü – 23 sentyabr 2012-ci il tarixdə keçiriləcək Azərbaycan gecəsində çıxış etmək üçün Respublikamız adından Şirvan şəhər İcra Hakimiyyəti rəhbərliyi və şəhəri təmsil edəcək mədəniyyət nümayəndələri tədbirə dəvət olunmuşlar.
23 sentyabr 2012-ci il tarixdə festivalın rəsmi bağlanış günündə şəhərimizin mədəniyyət işçiləri milli mədəniyyətimizi əks etdirən qədim xalq rəqsləri, xalq mahnıları və milli poeziya nümunələrindən ibarət rəngarəng proqramla çıxış etmiş və 60 minlik auditoriyanın alqışını qazanmışdır. Həmçinin festivalda nümayəndə heyətimiz tərəfindən milli musiqi alətlərimiz və milli mətbəx nümunələrimiz də festival iştirakçılarına nümayiş etdirilmişdir. Proqramdan sonra Azərbaycandan olan nümayəndə heyətinin rəhbəri Şirvan şəhər İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Elmira Ağayeva öz çıxışında festivalda Azərbaycan nümayəndə heyətinin iştirakına şərait yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Türkiyədəki Fövqəladə və Səlahiyyətli səfir Faiq Bağırova, Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalova öz dərin minnətdarlığını bildirmiş və milli atributlarımızı əks etdirən hədiyyəni Bələdiyyə Başkanına təqdim etmişdir. Ankara Etimesgut Bələdiyyə Başkanı Enver Demirel də çıxış edərək bu əlaqələrin daha da dərinləşməsini, uzunömürlü olmasını arzulamış və simvolik olaraq nümayəndə heyətinə öz hədiyyələrini təqdim etmişdir.
Festivalda Azərbaycan Respublikasının Turkiyədəki Fövqəladə və Səlahiyyətli səfirinin müşavirləri Nəcibə Nəsirova və Dursun Həsənov da iştirak etmişdir.
Respublikamızı təmsil edən Şirvan şəhər mədəniyyət işçilərinin tədbir boyunca çıxışı yerli türk kanallarında canlı yayımlanmış və fotolentə alınmışdır.
 

Keçidlər