Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvanda Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubileyi qeyd olunub.

09 noyabr 2012 | 16:00

Şirvanda Yeni Azərbaycan Partiyasının (YAP) 20 illik yubileyi qeyd olunub. Yubiley tədbirində YAP-in idarə heyətinin üzvü, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, Şirvan şəhər icra hakimiyyətinin başçısı Mərdan Camalov və YAP Mərkəzi Aparatının məsul işçisi Ramil Mirzəyev iştirak edib. Əvvəlcə YAP-ın qurucusu Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub. Sonra Heydər Əliyev adına Mərkəzə baxış keçirilib. Mədəniyyət evində keçirilən yubiley tədbirini giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Mərdan Camalov qonaqları və partiya üzvlərini salamlayıb.
Tədbirdə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov bildirib ki, partiyamız Azərbaycanın tarixin ağır sınaqları qarşısında qaldığı bir zamanda yarandı. Xalqın geniş təbəqəsinin istəyini ifadə edən 91 nəfər ziyalı 1992-ci ilin oktyabrın 16-da Dahi Öndərimiz Heydər Əliyevə müraciət edərək yaranmaqda olan siyasi hərəkata rəhbərliyi öz üzərinə götürməyi təkidlə xahiş etdilər. Bu müraciət bütün xalqın ürəyinin səsi idi. Həmin dövrdə xalqın tələbi və istəyi ilə Ulu Öndər Heydər Əliyev YAP-a rəhbərlik etməyə razılıq verdi və 21 noyabr 1992-ci ildə partiyanın təsis konfransı keçirildi. Bundan sonra YAP-ın 1993-cü ildə şəhərimizdə təşkilat komitəsi yaradılaraq 10 iyul 1993-cü ildə YAP Şirvan şəhər təşkilatıının 1-ci konfransı keçirildi. O zamandan partiyamız şəhərimizin siyasi həyatında fəal iştirak edir və əldə olunan uğurlara dəstək olur deyən sədr, çıxışının sonunda Yeni Azərbaycan Partiyasının sədri Prezident İlham Əliyevin 2013-cü ildə keçiriləcək Prezident seçkisində namizədliyini dəstəkləyərək qələbə əldə etməsi üçün siyasi fikirləri ilə səy və bacarıqlarını səfərbər edəcəklərini vurğuladı. Şirvan şəhər gənclər və idman idarəsinin rəisi Azər Quliyev çıxış edərək YAP-ın yaranmasının 20 illik yubileyi münasibəti ilə təbriklərini çatdırdı. İcra başçısı Mərdan Camalov geniş nitq söyləyərək bildirib ki, ötən 20 il ərzində Yeni Azərbaycan Partiyası çox mühüm və əhəmiyyətli yol keçib. Əslində, bu yol müstəqil Azərbaycanın keçdiyi tarixi inkişaf yoludur. Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi, istiqlaliyyətimizin dönməzliyinin təmin olunması və hazırda uğurla həyata keçirilən geniş və çoxşaxəli inkişaf məhz YAP-ın lideri, Müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin adı və onun siyasi kursunu uğurla davam etdirən, Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fəaliyyəti ilə bağlıdır.
Yeni Azərbaycan Partiyasının yaranmasının tarixi missiyasını şərtləndirən əsas amillərdən biri ondan ibarətdir ki, partiyaya o dövrün böyük dövlət və siyasi xadimi Ulu Öndər Heydər Əliyev rəhbərlik edirdi. Hələ 1991-1992-ci illərdə cəmiyyətdə belə bir fikir formalaşmışdı ki, ölkəni və xalqı xilas etməyə qadir partiyanı yalnız Heydər Əliyev yarada bilər. Çünki, ümummilli lider Heydər Əliyev xalqın yaddaşına xilaskar və qurucu kimi həkk olmuşdu. YAP-ın yaranmasından ötən 20-ilin reallığı Ulu Öndərin bu proqram xarakterli tövsiyyələrinin uğurla həyata keçirildiyinin bariz nümunəsidir.
Bu gün Yeni Azərbaycan Partiyasının sədri, Prezident cənab İlham Əliyevin uğurlu rəhbərliyi ilə YAP nəinki regionda, beynəlxalq aləmdə də qəbul edilən güclü siyasi partiyaya çevrilmişdi. Partiyamızın sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq Azərbaycanın sosial-iqtisadi, ictimai-siyasi həyatında inkişaf dinamizmi uğurla davam etdirilir. Regionların sosial-iqtisadi inkişaf proqramları ardıcıl həyata keçirilir. Azərbaycanın bütün regionlarında müasir infrastrukturlar yaradılır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzu güclənir. Ölkəmiz beynəlxalq tədbirlərin keçirildiyi məkana, regionda lider dövlətə çevrilir deyən, icra başçısı partiya üzüvlərini təbrik edərək vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının bütün üzvlərini, Partiyasının yaranmasının 20-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, hamınıza can sağlığı, daha böyük müvəffəqiyyətlər arzulayıram.
Tədbirdə YAP-ın idarə heyətinin üzvü, Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Millət Vəkili Arif Rəhimzadə çıxış edərək partiyanın yaranma tarixindən, o zaman Azərbaycanda baş verən ictimai, siyasi proseslərin canlı şahidi kimi maraqlı məqamlardan bəhs edərək YAP üzvlərinin qarşısında duran vəzifələrdən geniş bəhs etdi. Bayram tədbirində YAP fəallarına hədiyyələr və bir qrup partiya sıralarına daxil olan şəxslərə vəsiqələr təqdim olundu.
 

Keçidlər