2 FEVRAL GƏNCLƏR GÜNÜ MÜNASİBƏTİLƏ ŞİRVAN ŞƏHƏR MƏRKƏZİ MƏDƏNİYYƏT EVİNDƏ MUSİQİLİ-ƏYLƏNCƏLİ ÜMUMŞƏHƏR TƏDBİRİ KEÇİRİLDİ
1 Fevral 2012-ci il tarixdə Şəhər Mərkəzi Mədəniyyət Evində “2 Fevral Gənclər günü” münasibətilə ümumşəhər tədbiri keçirilmişdir.
Tədbir başlamazdan əvvəl Şəhər İcra Hakimiyyətinin Başçısı Cənab Mərdan Camalov və digər qonaqlar foyedə yerləşdirilmiş yeniyetmə və gənclərinin əl işlərindən ibarət sərgiyə, həmçinin Gənclər və İdman idarəsinin 2012-ci il ərzində keçirdiyi tədbirlərin qısa xülasəsini əks etdirən foto-şəkillərə baxış keçiridilər.
2 Fevral Gənclər günü ilə bağlı tədbiri Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalov açıq elan etdi.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Mədan Camalov, Hüquq Mühafizə orqanlarının əməkdaşları, Şura üzvləri, şəhərdə fəaliyyət göstərən idarə və müəssisə rəhbərləri, idarə və müəssisələrdə çalışan gənclər, orta ümumtəhsil məktəb şagirdləri, müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələr, Şirvan şəhər İqtisadiyyat və Humanitar Kollecinin tələbələri ümumilikdə 260 nəfər iştirak etmişdir.
İlk öncə söz Gənclər və İdman idarəsinin rəisi Azər Quliyevə verildi. O, öz çıxışında qeyd etdi ki, ölkəmizdə Dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Çünki bu siyasətin bünövrəsi möhkəm dayaqlar üzərində qurulmuşdur. Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyev gənc nəsilə olan qayğını daim dövlət səviyyəsində nəzarətdə saxlayır. Məhz bunun bariz nümunəsidir ki, ölkəmizin bir sıra şəhərlərində o cümlədən Şirvan şəhərində Gənclər evi, Olimpiya Komplekslərinin tikintisi həyata keçirilir. Sonda Azər müəllim bir daha gəncləri bayram münasibətilə təbrik etdi.
Sonra çıxış edən 18 saylı məktəbin gənclər təşkilatının sədri Sürəyya İsmayılova müstəqil Azərbaycanın inkişafı və çiçəklənməsi yolunda gənclərin üzərinə düşən məsuliyyətdən geniş söz açdı. O qeyd etdi ki hər bir gəncin ölkəmizin inkişafı naminə əlindən gələni əsirgəməməlidir. Bu yolda hamınıza uğurlar arzulayıram.
Daha sonra çıxış edən Anadolu Universitetinin tələbəsi, şəhərin fəal gənci Yusif Poladov gənclərə göstərilən dövlət qayğısından, onları uğurlara həvəsləndirən diqqətdən minnətdarlıqla danışdı. Gənclərə olan inamları özündə əks etdirən Ulu Öndərin kəlamlarını sitat gətirən natiq, vurğuladı ki biz bu ölkənin bu günü və gələcəyiyik, üzərimizə böyük məsuliyyətlər düşür və bu məsuliyyəti həyata keçirmək üçün ilk növbədə yaxşı təhsil almalıyıq. Sonda o göstərilən qayğı və diqqətə görə Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalova və Şirvan şəhər Gənclər və İdman idarəsinin rəisi Azər Quliyevə öz minnətdarlığını bildirdi.
Sonda Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Mərdan Camalov bütün gəncləri 2 Fevral “Gənclər günü” münasibətilə təbrik etdi və 2012-ci il ərzində Gənclər və İdman Nazirliyi tərəfindən keçirilmiş respublikamiqyaslı tədbirlərin zona və final mərhələlərində fərqlənən gəncləri qiymətli hədiyyələrlə mükafatlandırdı.
Bununla da rəsmi hissə bağlı elan olundu və tədbir incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramı ilə davam etdirildi.