5 oktyabr – Beynəlxalq Müəllimlər Günü Şirvan şəhərində qeyd edilib.
Oktyabrın 5-də Şirvan Şəhər İcra Hakimiyyəti və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə 5 oktyabr – Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, şəhər İcra Hakimiyyəti başçısının müavinləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, təhsil işçiləri, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət olunub, abidə önünə gül dəstələri düzülərək Ulu Öndərin əziz xatirəsi ehtiramla yad edilib.
Şirvan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbində davam etdirilən tədbir çərçivəsində öncə Şirvan Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə hazırlanan, Beynəlxalq Müəllimlər Gününə həsr olunmuş sərgiyə baxış keçirilib.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın gələcək inkişafı ilə bağlı müəyyənləşdirdiyi strateji xəttdə təhsilin tərəqqisi daim mühüm yer tutub. Ümummilli Lider ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə müəllimlərin cəmiyyətin inkişafındakı əvəzsiz rolunu yüksək qiymətləndirib, təhsil işçilərinin əməyinin layiqincə dəyərləndirilməsi, onların sosial rifahının və müdafiəsinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirib.
Bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğı, qarşıya qoyduğu mühüm vəzifələr, eləcə də həyata keçirilən dövlət proqramları və ardıcıl islahatlar ölkəmizdə təhsil sisteminin davamlı inkişafına, təhsilin keyfiyyətinin yüksəldilməsinə və yeni nailiyyətlərin əldə olunmasına geniş imkanlar yaradıb.
Vurğulayıb ki, Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğının nəticəsi olaraq, onun rəhbərliyi ilə Heydər Əliyev Fondu tərəfindən ölkəmizin müxtəlif bölgələrində müasir avadanlıqlarla təchiz olunmuş məktəb binaları inşa edilir, mövcud məktəblər əsaslı təmir olunaraq müəllim və şagirdlərin istifadəsinə verilir. Ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışan İlqar Abbasov Şirvan şəhərinin təhsil sahəsində qazanılan uğurların məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olduğunu diqqətə çatdırıb.
Ölkəmizin bu gün dünyada özünün müasir təhsil infrastrukturu və təhsil ənənələri ilə seçildiyini qeyd edərək, əlamətdar gün münasibətilə bütün müəllimləri və təhsil işçilərini təbrik edib, onlara pedaqoji fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərini təbrik edib, ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətində həyata keçirilən məqsədyönlü islahatlardan, əldə olunan mühüm nailiyyətlərdən və təhsilin keyfiyyətinin yüksəldilməsi sahəsində görülən ardıcıl işlərdən bəhs edib.
Daha sonra çıxış edən Şirvan-Salyan Regional Təhsil İdarəsinin Salyan rayonu üzrə Təhsil sektorunun müdiri Razıgül Dadaşova, Salyan rayonu, Ə.Kürçaylı adına texniki və təbiət təmayüllü liseyin müəllimi Günay Əbilova çıxış edərək müəllimləri peşə bayramı münasibətilə təbrik edib, müəllim əməyinin cəmiyyətin inkişafındakı mühüm rolundan və təhsil sahəsində əldə olunan nailiyyətlərdən bəhs ediblər.
Tədbirdə 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə bir qrup təhsil işçisinə, o cümlədən Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayevə Şirvan Şəhər İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təqdim olunub.
Tədbir şagirdlərin hazırladığı rəngarəng musiqi və bədii kompozisiyaların təqdimatı ilə yekunlaşıb.






