Şirvan şəhərində YAP-ın fəalları ilə görüş keçirilib
Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov Şirvan şəhərində YAP-ın fəalları ilə görüş keçirib. Yığıncaqda icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı da iştirak edib. Tədbiri giriş sözü ilə YAP Şirvan şəhər təşkilatının sədri Əbülhəsən İbrahimov açıb. Qeyd edib ki, YAP Şirvan şəhər təşkilatının 4991 nəfər üzvü 96 ilk partiya təşkilatında fəaliyyət göstərirlər: "Sıralarımızda olan üzvlərimizin 2327 nəfərini qadınlar, 2169 nəfərini isə gənclər təşkil edir. Qarşıdan gələn prezident seçkisi ilə əlaqədar olaraq 150 nəfərdən ibarət YAP fəalının iştirakıyla seçici siyahıları dəqiqləşdirilərək YAP-ın məlumat bazasına yerləşdirilib. 46 saylı Şirvan seçki dairəsi üzrə 30 məntəqədə bu günə qədər 38694 nəfər seçici qeydiyyatdadır. Şirvan şəhər icra hakimiyyəti qanunvericiliyə əsasən seçki məntəqələrinin maddi texniki bazasını lazımı səviyyədə hazırlayıb. YAP Şirvan şəhər təşkilatında 13 nəfardən ibarət seçki qərərgahı yaradılıb. Dairə və seçki məntəqəsi üzrə məşvərətçi hüquqlu üzvlərin, müşahidəçilərin və seçici imzası toplayan şəxslərin siyahısı hazırlanıb". YAP Sədrinin müavini-icra katibi Əli Əhmədov çıxışında ilk olaraq YAP-ın Şirvan şəhər təşkilatının fəallarını salamlayıb və bildirib ki, qarşıdan gələn prezident seçkisi öncəsi sizlərlə görüşümüzün məqsədi odur ki, artıq fəallığımızı göstərməliyik: "Çünki YAP-ın namizədi prezident İlham Əliyev 10 il ölkəmizə rəhbərlik etdiyi dövrdə yalnız möhtəşəm inkişaf, tərəqqi, müasir və yeni Azərbaycan mərhələsi yaşanıb. 10 il ərzində Azərbaycanın iqtisadiyyatı 3 dəfə, büdcəsi 20 dəfə artıb. Bununla Azərbaycanın dünya dövlətləri sırasında güclü ölkə olduğu qəbul olunub. Hakim partiya olaraq YAP-ın yürütdüyü siyasətin kökündə insanların rifah halının yüksəlməsi, yaşayışının daha da yaxşılaşması dayanır. İnsanların həyat səviyyəsi tam şəkildə dəyişib. Bu dəyişikliyi xalqımız davamlı olmasını İlham Əliyevin növbəti 5 ildə prezident olmasında görür. Əldə olunan uğurlar təbii ki, ölkəmizdə hökm sürən dayanaqlı sabitliyin, əminamanlığın nəticəsidir. Sabitlik olmayan yerdə inkişafda olmur, sabaha inam da. Son illərdə dövlət siyasətinin prioritetlərindən ən önəmlisi bölgələrimizin simasının dəyişərək gözəlləşməsidir. Bölgələrimizin gözəlləşməsi, abadlaşması insanlarımızın rahat yaşamasına zəmin yaradır. Yaşadığınız Şirvan şəhəri buna əyani sübutdur. Şəhərinizə 4 il əvvəl gələn insan bu gün Şirvana gəlsə tamamilə yeni bir şəhərə gəldiyini təsəvvür edər. Ona görə də sıravi YAP üzvlərinin son 10 ilin təbliğatını aparması üçün əllərində kifayət qədər əsasları var".
İcra katibi siyasi həmfikirlilərinə partiyanın tapşırıq və tövsiyələrini çatdırıb.
Görüşdə Şirvan şəhər qadınları adından Səadət Quliyeva, gənclər adından Emil Məmmədov çıxış edərək Şirvan sakinlərinin seçkilərdə yalnız YAP-ın namizədi İlham Əliyevi dəstəkləyəcəklərini və qələbə qazanması üçün çalışacaqlarını bildiriblər. Şirvan şəhər İcra Hakimiyyəti Başçısının müavini Elman Abbasov görüşdə çıxış edərək Şirvan şəhərinin 10 illik inkişaf dövründən danışıb.