Şriftin ölçüsü :

Saytın rəngi :

Şirvan şəhərinə respublika tabeli şəhər statusu verilməsinin 50 illik yubileyinə həsr olunmuş ümumşəhər bayram şənliyi keçirildi.

22 avqust 2013 | 15:00

Şirvan şəhərinə Respublika tabeli şəhər statusu verilməsinin 50 illik yubleyi şəhərin Bayraq meydanında ümumşəhər bayram şənliyi ilə qeyd olundu. Tədbir iştirakçıları Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov, Şura üzvləri, qonaqlar, hüquq mühafizə orqanlarının rəhbərləri, qocaman nefçilər, energetiklər öncə Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət etdilər. Sonra Şirvan şəhərinin son 50 ildə keçdiyi inkişaf yolunu, əldə etdiyi uğurları əks etdirən sərgi ilə tanış oldular. Tədbir Şirvan Musiqi məktəbinin Xor kollektivinin dövlət himni ifası ilə başlandı. Tədbirdə çıxış edən Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov Şirvan şəhərinin keçdiyi tarixi inkişaf yolundan, son 50 ildə qazanılan uğurlardan danışdı. 
Qeyd olundu ki, Respublikamızın inzibati ərazi vahidlərindən biri olan Şirvan 1930-cu ilə kimi Ərəbşahverdi, Zubovka, Papanin, 1930-cu ildən 1963-cü ilə qədər Əli Bayramlı rayonu adlandırılmışdır. Tabeliyində iki şəhər, 1 qəsəbə, 16 kənd sovetliyi, ümumilikdə 101 kənd və başqa yaşayış məntəqələri olan kənd təsərrüfatı rayonu olmuşdur. 28 iyul 1954-cü ildə rayonun mərkəzi olan Əli Bayramlıya rayon tabeliyində şəhər statusu verilmişdir. 1950-ci illərin əvvələrindən başlayaraq bu ərazilərdə aparılan kəşfiyyat-qazma işləri 1955-ci ilin iyul ayının 18-də Kürovdağ yatağında 2 saylı qazma quyunun fontan vurması ilə nəticələndi. Həmin gün Azərbaycan, Şirvan neftçilərinin zəfər səlnaməsinə daxil oldu. Şirvanın bir sənaye şəhəri kimi formalaşmasının təməli qoyuldu.
1956-1968-ci illərdə Əli Bayramlıda (Şirvanda) Avropada ilk açıq tipli Dövlət Rayon Elektrik Stansiyası tikilib istifadəyə verildi. 1962-ci ildə Kür çayının üzərində ikinci körpü tikildi. Neft və energetika sənayesinin inkişafı rayonun iqtisadi inkişafına, təsərrüfat həyatının dəyişməsinə səbəb oldu. Ərazidə sənaye infrastrukturları yaradıldı. 1963-cü ildə (04.01.1963) Azərbaycan Respublikası Ali Soveti rayonun təsərrüfat həyatında baş verən bu dəyişiklikləri nəzərə alaraq Əli Bayramlı rayonunun ləğv olunması və respublika tabeli Əli Bayramlı şəhərinin yaradılması barədə qərar qəbul etdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə 7 may 2008-ci il tarixli Sərəncamı ilə şirvanlıların təşəbbüsünü və xahişini nəzə alaraq şəhərin tarixi Şirvan adını özünə qaytardı.
1963-cü ildə respublika tabeli şəhər statusu almasına baxmayaraq Şirvanın şəhər kimi formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlişi ilə gənc sənaye şəhəri Şirvanın iqtisadi inkişafına güclü təkan verdi. Onun xüsusi diqqət və qayğısı sayəsində yeni sənaye sahələri - Şimal və Cənub sənaye qovşaqları yaradıldı.
Şəhərdə 101 yaşayış binası, onlarla sosial obyektlər, sənaye müəssisələri, uşaq bağçaları, orta məktəblər, mədəniyyət ocaqları, idman qurğuları, xəstəxana kompleksi tikilib istifadəyə verildi.
Apardığımız araşdırmalar göstərdi ki, Möhtərəm prezidentimiz cənab İlham Əliyev son 10 ildə şəhərimizin sosial-iqtisadi inkişafı,əmək və xidmət sahələrində xüsusi fədakarlıqla çalışan şirvanlıların, təltif olunması barədə 45 sərəncam vermişdir. 40 nəfər şirvanlı müxtəlif fəxri adlara, orden və medallara laiq görülmüşdür.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 avqsut 2009-cu il tarixli sərəncamı ilə şəhərin ərazisi 30 kv.km-dən, 72.7 kv km-ə qədər genişləndirilmişdir. Son on ildə şəhərimizdə Heydər Əliyev meydanı, Heydər Əliyev Parkı salınmış, Heydər Əliyev Mərkəzi, Müalicə Diaqnostika Mərkəzi, 327 mənzilli 9 yaşayış binası tikilmiş, kərpic və illik istehsal gücü 15-20 min ton olan pambıq emalı zavodları, 1500 yerlik Ticarət Mərkəzi, 20 min ton çiyid emal edən “Yağ-Jımıx-Lint” emalı müəssisəsi, “Azərsan” MMC-nin Metaləritmə zavodu, Sement zavodu, 780-800 MVT gücündə Cənub Elektrik Stansiyası, Olimpiya İdman Kompleksi istifadəyə verilmişdir.
Müdafiə Sənayesi Nazirliyinin “Telemexanika”, “Araz” zavodlarında əsaslı təmir və yenidənqurma işləri aparılmış, yeni istehsal sahələri və utilizasiya mərkəzi açılmışdır. Şəhərin giriş hissəsində ümumi sahəsi 1,3 hektar, hündürlüyü 76 metr olan yeni “Bayraq” meydanı, seyrəngah yaradılmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar 2013-cü il tarixli və 1 iyul 2013-cü il tarixli sərəncamına uyğun olaraq Şirvan şəhərinin sosial-iqtisadi inkişafı daha da sürətləndirilir. Prezident cənab İlham Əliyevin fərman və sərəncamlarına uyğun olaraq şəhərdə özəl sektorun, sahibkarlığın inkişafına qayğı daha da artırılmışdır. Son on ildə Şirvan şəhərinin sosial-iqtisadi inkişafında əldə olunan uğurların nəticəsidir ki, şəhərdə ümumi məhsul buraxılışının həcmi 2003-cü illə müqayisədə 2012-ci ildə 2,8 dəfə artaraq 248,1 milyon manat olmuşdur. Əsaslı kapitala yönələn investisiyalar 4,6 dəfə artaraq 25,1 milyon manat, o cümlədən tikinti-quraşdırıma işlərinin həcmi 7,2 dəfə artaraq 23,0 milyon manat təşkil etmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də aparılan abadlıq-quruculuq işləri, sosial-iqtisadi inkişaf, insan amilinə göstərilən qayğı ölkədə ictimai-siyasi sabitliyə, əmin-amanlığa etibarlı təminat yaradır. İnsanları möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında daha sıx birləşdirir.
Tədbirdə Şirvana, şirvanlılara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıq ifadə olundu.
Tədbirdə  Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov Şirvan şəhərinin sosial-iqtisadi inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevevin 06 avqust 2013-cü il tarixli sərəncamı ilə fəxri adlara layiq görülmüş şəxsləri təbrik edir. Onlara müvafiq vəsiqələri təqdim edir.
Tədbirdə Respublikanın tanınmış incəsənət ustaları geniş konsert proqramı ilə çıxış edərək iştirakçılara böyük bayram ovqatı bəxş etdilər.
Bayram şənliyi atəşfaşanlıqla başa çatmışdır.

Keçidlər