“Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyası keçirildi.
31 avqust 2013-cü il tarixdə saat 1100-da, “Yeganə” şadlıq sarayında ATƏT-in Bakı ofisi, Prezident Administrasiyası və Mərkəzi Seçki Komissiyasının birgə təşkilatçılığı ilə 21 şəhər və rayon İcra Hakimiyyəti Başçılarının və 33 Dairə Seçki Komissiyalarının sədrləri üçün seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair məlumat sessiyası növbəti dəfə Şirvan şəhərində keçirilib. Sessiyanı Şirvan şəhər İcra Hakimiyyətinin Başçısı Mərdan Camalov açıb.
Daha sonra ATƏT-in Bakı ofisinin rəhbəri, səfir Koray Targay öz nitqində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun müşahidə missiyası artıq Azərbaycanda öz işinə başladığını vurğulayıb. Səfir Koray Targay bildirib ki, Azərbaycan öz potensialını əsl mənada demokratik inkişaf vasitəsi ilə reallaşdıra bilər. ATƏT Azərbaycanı azad və ədalətli seçkilərin keçirilməsi ilə bağlı öhdəliklərin icrasında dəstəkləməyə davam edəcəkdir. Səfir ümid etdiyini bildirib ki, 9 oktyabr 2013-cü il tarixli Prezident seçkilərində seçki prosesinə qanunsuz müdaxilənin yolverilməzliyinə dair informasiya sessiyaları bu sahədə irəliləyişin davamına yardımçı olacaq. Sessiyada MSK-nın katibi Mikayıl Rəhimov, Prezident Administrasiyasının Regional İdarəetmə və Yerli Özünüidarəetmə orqanları ilə iş üzrə şöbəsinin müdir müavini Hüseyn Mövsümov çıxış edərək icra orqanlarına tövsiyələrini verərək seçkilərə qanunsuz müdaxilənin Azərbaycan dövlətinin iradəsinə zidd olduğunu diqqətə çatdıraraq qanunla qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi xüsusi vurğulanıb.