8 Noyabr - Tarixi qələbə, Zəfər Günü
200 ildən çoxdur ki, Azərbaycana qarşı düşmənçilik, işğalçılıq, soyqırımı və etnik dözümsüzlük siyasəti ermənilər tərəfindən davam etdirilir. Əsası XIX əsrin əvvəllərində Rusiya İmperiyası tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ermənilərin köçürülməsilə qoyulmuş bu proses 1905-1906 və 1918-1920-ci illərdə azərbaycanlıların qəddar kütləvi terror və qanlı soyqırıma məruz qalması mərhələlərindən keçmişdir. Azərbaycanda ermənilərin məskunlaşdırılması xalqımızın tarixi ərazisinin parçalanmasına, azərbaycanlıların bir millət olaraq məhvinə və müstəqil dövlətimizin mövcudluğunun qarşısının alınmasına xidmət etmişdir. Ermənilər bu mənfur prosesdə ən qəddar rolu ifa edən vasitə olmuşlar. Kütləvi deportasiyaların və soyqırımı aktlarının yeganə məqsədi Cənubi Qafqazda qüdrətli müsəlman və türk dövlətinin formalaşmasına mane olmaqdan ibarət idi. Qərbi Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradıldıqdan sonra Qarabağda Ermənilər fəallaşmış, öz himayədarlarının köməyilə Azərbaycan ərazilərini Ermənistana birləşdirmək səylərini davam etdirirmişlər. Ermənistan silahlı qüvvələri beynəlxalq humanitar hüququn bütün prinsip və normalarına zidd olaraq, mülki əhalini məqsədyönlü şəkildə əsas hədəf kimi seçmişdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi Əsgəranın Meşəli kəndində, Şuşanın Malıbəyli və Quşçular kəndlərində, Xocavəndin Qaradağlı kəndində, Xocalı şəhərində, Kəlbəcərin Ağdaban kəndində və digər yerlərdə dinc əhalinin amansız şəkildə sistematik və kütləvi qırğınını, soyqırımını törətməklə, Dağlıq Qarabağda yaşayan azərbaycanlı mülki əhalinin bir hissəsini məhv etmək, qalan hissəsinin isə müqavimət əzmini qırıb regionu onlardan təmizləmək məqsədi güdürdü. 1992-ci ilin 26 fevral tarixində dünya tarixində misli görünməmiş Xocalı soyqırımının törədilməsi isə təkcə azərbaycanlılara qarşı deyil, bütün bəşəriyyətə qarşı bir cinayət idi. Bütün sadalananlar erməni millətçilərinin nə qədər qəddar, amansız olduğunu sübut etməyə yetər. 90–cı illərin əvvəlində SSRİ–nin dağılmasından sonra Ermənistan silahlı qüvvələrinin işğalçılıq siyasəti nəticəsində Azərbaycan Dağlıq Qarabağa və ətraf rayonlara nəzarəti itirdi. Son otuz il ərzində Azərbaycanın bütün sahələrdə güclənməsinə baxmayaraq, Ermənistana himayəçilik etmək, münaqişəni dondurmaq və Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində yaradılmış status-kvonu Azərbaycana qəbul etdirmək üçün təsis edilmiş ATƏT-in Minsk qrupu 30 il ərzində problemin hərbi yolla həllinə imkan verməmişdi. Hətta BMT Təhlükəsizlik Şurası və Baş Məclisinin qəbul etdiyi 5 qətnamə, habelə AŞPA və ATƏT-in özünün qəbul etdiyi qətnamə və qərarların da kağız üzərində qalmasına səbəb olmuşdu. 2020-ci ilin 12 iyul və 27 avqust tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan sərhədlərində törətdiyi təxribatlar Ermənistan rəhbərliyinin yeni müharibə hazırlığından xəbər verirdi. Sonuncu təxribat sentyabrın 27-də səhər saatlarında baş verdi ki, bu, Azərbaycan Ordusunu cavab tədbirlərinə vadar etdi. 27 sentyabr təxribatlarına cavb olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Azərbaycan xalqı “İrəli” əmrini gözləyirdi və bu baş verdi. Nəhayət Azərbaycan torpaqlarının azadlığı uğrunda haqq savaşına başladı. Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq, dizi üstə çökdürdü, tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. 44 gündə 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ölkəmizin hərbi-siyasi Qələbəsinin və Ermənistanın kapitulyasiyasının dünyaya təqdimatı oldu. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər və dekabrın 1-də Laçın rayonlarını Azərbaycana təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Artıq tarixi Zəfərimizin ikinci ilini qeyd edirik. Bayramlarımız sırasına daxil olan Zəfər Günü Azərbaycanın dünənini, bu gününü və gələcəyini özündə ifadə edir. Möhkəm təməl üzərində qurulan Azərbaycan son 19 ildə Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, dünya birliyində yeri və rolunu möhkəmləndirir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 8 noyabr tarixində Qarabağın tacı Şuşanın işğaldan azad edilməsi müjdəsini Şəhidlər Xiyabanından xalqa çatdırarkən söylədiyi “Mən bu gün Ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!” fikirləri bir daha bu reallığı təsdiqlədi ki, ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə ölkə Prezidentinin həyata keçirdiyi siyasətin əsasını təşkil edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulması, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımızın evlərinə qaytarılmasıdır. Azərbaycan xalqı tamamilə dağıdılmış ərazilərdə yeni həyat qurur. Dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri yeni obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bütün şəhər və kəndlərimiz müasir tələblər səviyyəsində qurulur. Dövlət başçısı İlham Əliyev həmişə əminliklə ifadə edir ki, bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.
Qasımova Gültəkin
Şirvan Şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi