Şriftin ölçüsü :

Saytın rəngi :

8 noyabr – Zəfər Günü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd edilir.

07 noyabr 2025 | 13:59

Noyabrın 7-də Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 noyabr – Zəfər Gününə həsr olunmuş “Ata vəsiyyətinin zəfəri” adlı tədbir keçirilib.

Tədbirdə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, ictimaiyyət və media nümayəndələri iştirak ediblər.

Tədbirdə öncə Azərbaycan xalqının Ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucalan abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb.

Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlara, "Heydər Əliyev və Müstəqil Azərbaycan" və "Ulu Öndər Heydər Əliyev Şirvanda" bölmələrinə baxış keçirilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin akt zalında davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə “Ata vəsiyyətinin zəfəri” mövzusunda məruzə ilə çıxış edən Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bildirib ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2020-ci il dekabrın 3-də “Azərbaycan Respublikasında Zəfər Gününün təsis edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, ölkəmizdə hər il 8 noyabr – Zəfər Günü xalqımızın qürur və iftixar bayramı kimi qeyd olunur. Bu bayram 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəmizin, xalqımızın birliyinin, dövlətimizin qüdrətinin və ata vəsiyyətinin gerçəkləşməsinin rəmzidir. Zəfərə gedən yola nəzər salsaq, görürük ki, bu yol Ulu Öndərin müqəddəs vəsiyyətindən başlanıb, Qalib Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti və xalqımızın birliyi sayəsində tarixi Zəfərlə tamamlanıb.

Qeyd edib ki, Rəşadətli Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə yeni şanlı səhifələr yazdı. Ata vəsiyyətinin Zəfərinə çevrilən bu möhtəşəm Qələbə milli birliyimizin, dövlətçilik iradəmizin və gələcək nəsillərə ən böyük mirasımızın təntənəsidir.

Vurğulayıb ki, möhtərəm Prezidentimizin ən yaxın silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti çox hörmətli Mehriban xanım Əliyevanın xalqımıza dərin məhəbbəti, milli-mənəvi dəyərlərin qorunmasına və həmrəyliyimizin möhkəmlənməsinə yönəlmiş fədakar fəaliyyəti bu Zəfərin mənəvi gücünü daha da zənginləşdirir. Bu gün Zəfər tarixinin davamı olaraq Qarabağda və Şərqi Zəngəzurda həyat yenidən canlanır. Aparılan işlər təkcə bərpa deyil, həm də, yeni inkişaf mərhələsinin, Böyük Qayıdışın başlanğıcıdır.

İlqar Abbasov xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən möhtəşəm Qələbəmizin 5-ci ildönümü 8 Noyabr - Zəfər Günü, eyni zamanda 9 noyabr Bayraq və 12 noyabr Konstitusiya Günü münasibətilə bütün şirvanlıları səmimi-qəlbdən təbrik edib, sakinlərimizin hər birinə möhkəm cansağlığı, sevinc və xoşbəxtlik arzulayıb.

Sonra çıxış edən Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev, Azərbaycan Respublikası Milli Məclisinin VI çağırış deputatı, texnika üzrə fəlsəfə doktoru, əməkdar mühəndis İltizam Yusifov, “Şirvan” qəzetinin baş redaktoru Fəxrəddin Rəhimov, şəhid   anası Təzəgül Xəlilova, Vətən müharibəsi iştirakçısı, Silahlı Qüvvələrin polkovnik-leytenantı Vüqar Abbasov, “Azərbaycan Bayrağı” ordeni və bir çox medalllarla təltif olunmuş, Vətən müharibəsi iştirakçısı Mürsəl Abdullayev möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, şanlı Azərbaycan Ordusunun rəşadəti nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu qeyd edərək, Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyini, xalqımızın “dəmir yumruq” ətrafında sıx birləşdiyini vurğulayıblar.

Tədbirdə Azərbaycan Televiziyası tərəfindən hazırlanmış şanlı zəfərimizə, tarixi qələbəmizə həsr olunan “Qızıl payız” sənədli film nümayiş olunub.

Eyni zamanda 8 noyabr – Zəfər Günü münasibətilə şəhərin Naxçıvan küçəsində növbəti ağacəkmə aksiyası təşkil edilib. Aksiya zamanı 100-dən çox sərv ağacı əkilərək aqrotexiki qulluq göstərilib, ərazidə təmizlik və abadlıq işləri aparılıb.

Keçidlər