Şriftin ölçüsü :

Saytın rəngi :

8 Noyabr – Zəfər Günü Şirvan şəhərində silsilə tədbirlərlə qeyd olunur

07 noyabr 2026 | 14:44

Noyabrın 7-də 8 Noyabr – Zəfər Günü münasibətilə Şirvan şəhərində silsilə tədbirlər təşkil olunub.

Tədbirlər çərçivəsində ilk olaraq şəhərin mərkəzi meydanında ucaldılmış Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, şəhərin hüquq-mühafizə orqanlarının, regional təşkilatların, idarə və müəssisələrin rəhbərləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Daha sonra Ulu Öndər Heydər Əliyevin abidəsindən başlayan 8 Noyabr – Zəfər Gününə həsr olunmuş Zəfər yürüşü keçirilib. Şəhər sakinlərinin və tədbir iştirakçılarının qatıldığı yürüş M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Zəfər!” abidəsinədək davam edib.

Zəfər yürüşü xalqımızın tarixi Qələbəsinə, Vətən müharibəsində qazanılmış şanlı Zəfərə ehtiramın, milli birlik və həmrəyliyin təcəssümü olub.

Yürüşün yekununda M.Füzuli adına Mədəniyyət və İstirahət Parkında yerləşən “Zəfər” abidəsinin önündə şəhər S.Hüseynov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdlərinin iştirakı ilə fləşmob təşkil olunub. Fləşmob zamanı məktəblilər xalqımızın tarixi Zəfərini, milli qürurunu və qalibiyyət əzmini ifadə edən “Şanlı Zəfər” sözlərini əks etdirən kompozisiya nümayiş etdiriblər. Fləşmob iştirakçılar və şəhər sakinləri tərəfindən maraqla qarşılanaraq alqışlarla müşayiət olunub.

 

Keçidlər