Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” 3-cü regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil olunub.
Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi və Talassemiya Mərkəzinin birgə təşkilatçılığı ilə “Talassemiyasız həyat naminə” 3-cü regional simpozium və ödənişsiz tibbi müayinələr təşkil olunub.
Tədbirdə şəhər icra strukturunun, səhiyyə və təhsil müəssisələrinin işçiləri, ətraf rayonlardan olan talassemiyalı ailələrin üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə səhiyyə sahəsində aparılan islahatların, tibb müəssisələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi, təchizat və kadr hazırlığı ilə bağlı həyata keçirilən tədbirlərin yeni uğurlara yol açdığını bildirib. Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin birgə layihələr reallaşdırdığını qeyd edən Valeh Hüseynov respublikanın müxtəlif regionlarında maarifləndirici tədbirlərin, ödənişsiz tibbi müayinələrin təşkil olunduğunu, müayinələrin nəticələrindən asılı olaraq müvafiq müalicələrin təyin edildiyini və bunun gələcəkdə də davam edəcəyini deyib.
Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr departamentinin direktoru Soltan Məmmədov Fondun səhiyyə sahəsində həyata keçirdiyi layihələr, o cümlədən “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində görülən tədbirlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan və 2009-cu ildən istifadəyə verilən Talassemiya Mərkəzində tibbi xidmətin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən tədbirlər bu xəstəliyə düçar olanların müalicəsində, eləcə də bu sahədə profilaktik işlərdə əhəmiyyətli rol oynayır, xəstələrə və onların ailələrinə mənəvi baxımdan dəstək olur.
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Milli Məclisin deputatı Musa Quliyev səhiyyə qanunvericiliyində son dövrlər aparılan islahatlardan danışıb. O, səhiyyə xidmətlərinin beynəlxalq standartlara çatdırılması istiqamətində dövlət siyasətini və bu sahədə qəbul edilmiş dövlət proqramlarını xüsusi vurğulayıb.
Ətraf rayonlarda fəaliyyət göstərən tibb müəssisələrində çalışan səhiyyə işçilərinin iştirak etdiyi simpozium daha sonra elmi sessiyalarda davam edib.
“Talassemiya: müasir yanaşma” mövzusundakı sessiyada talassemiyanın müalicə və diaqnostikası, qarşısının alınması yolları, bu sahədə Mərkəzin təcrübəsi barədə məlumat verilib.
“Talassemiya: diaqnostika və monitorinq” adlı sessiyada isə xəstəliyin laborator və prenatal diaqnozu, infeksion və kardiak ağırlaşmalar, həmçinin psixososial problemlərə dair məruzələr ətrafında müzakirələr aparılıb.
Simpoziumda Talassemiya Mərkəzinin mütəxəssislərinin “Talassemiya və irsi hemoqlobinopatiyalara dair statistik məlumatlar”, “Talassemiya daşıyıcılığı: talassemiyasız həyat naminə nə etməliyik”, “Talassemiya Mərkəzində sümük iliyi transplantasiyasına dair təcrübələr” və digər mövzularda məruzələr dinlənilib.
Eyni zamanda, talassemiyalı xəstələrin müalicə aldığı Şirvan şəhər xəstəxanasına baxış keçirilib, tibb işçiləri ilə təcrübə mübadiləsi aparılıb.
Şirvan Şəhər Mərkəzi Xəstəxanasında talassemiya daşıyıcılığını müəyyən etmək məqsədilə ödənişsiz tibbi müayinələr də təşkil olunub. Müayinələr Şirvan şəhəri və ətraf rayonlardan olan 250-dən çox sakini əhatə edib.
Xatırladaq ki, Talassemiya Mərkəzi və “Regional İnkişaf” İctimai Birliyinin “Talassemiyasız həyat naminə” devizi altında həyata keçirilən layihəsi çərçivəsində bölgələrdə əhalinin maarifləndirilməsi, eləcə də talassemiya daşıyıcılığının müəyyən olunması üçün vətəndaşların ödənişsiz tibbi müayinələri təşkil edilir.