Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Şirvan şəhərində vətəndaşları qəbul edib.
24 noyabr 2023-cü il tarixində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən keçirilən qəbulda Şirvan şəhəri və Hacıqabul rayon sakinlərinin müraciətləri dinlənilib.
Qəbuldan öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər güllər düzülüb, əziz xatirəsi ehtiramla yad edilib.
Sonra Şirvan Şəhər Heydər Əliyev Mərkəzində Ulu Öndərin Azərbaycan xalqı, dövləti qarşısında tarixi xidmətlərini, həyat və fəaliyyətinin mühüm məqamlarını əks etdirən eksponatlarla tanışlıq olub.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin də iştirakı ilə keçirilən görüşdə vətəndaşların müxtəlif mövzularda müraciətləri dinlənilib. Mövzular əsasən işlə təmin olunma, alimentin ödənilməsi, ünvanlı sosial yardım və digər məsələlərlə bağlı olub.
Vətəndaşların Komitənin səlahiyyət dairəsinə aid müraciətləri dinlənilib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Həlli araşdırma tələb edən müraciətlər qeydə alınaraq, icraata götürülüb.