Andına və xalqına sadiq qalmış Ulu Öndər
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir. Sərəncamda qeyd olunur ki, Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan Heydər Əliyevin həyat amalının təntənəsidir. Müstəqilliyin ilk illərində Azərbaycan qaynar qazana bənzəyirdi. Sovet imperiyasının caynaqlarından böyük qurbanlar bahasına xilas olub, müstəqilliyini yenicə elan etmiş Azərbaycan nankor qonşularımızın başladığı ədalətsiz müharibəyə cəlb edilmişdi. Qətiyyətli rəhbəri, ordusu, silahı olmayan xalq hiyləgər düşmən qarşısında ağır bir durumdaydı. Ayrı-ayrı silahlı dəstələr isə vahid komandanlığa deyil, müxtəlif siyasət dəllallarının maraqlarına xidmət edirdi. Maraq isə, təəssuf ki, ölkənin ərazi bütövlüyünü qorumaq, Qarabağı erməni daşnaklarının müdaxiləsindən xilas etmək deyil, “meydan qəhrəmanları”nı hakimiyyətə gətirmək idi. Bütün ölkəni bürüyən milli azadlıq hərəkatının dalğasında hakimiyyətə gələn AXC-Müsavat iqtidarı qısa zamanda üzləşdiyi çox ciddi problemlər qarşısında aciz bir duruma düşdü. Təbii ki, dövləti meydan psixologiyası ilə idarə etmək mümkün deyildi. Onlar isə başqa yol bilmirdilər. Cəbhədə vəziyyət günügündən ağırlaşırdı. Erməni silahlıları bir-birinin ardınca Azərbaycan kəndlərini, rayonlarını işğal edirdi. Belə ağır bir vəziyyətdə Bakıda hakimiyyət davası gedirdi. Vəzifə kreslosu uğrunda mübarizə amansız xarakter almışdı. İş o yerə çatmışdı ki, hərbi texnika və düşmənlə döyüşən canlı qüvvə cəbhə xəttindən çıxarılaraq Bakıya gətirilirdi. Özlərinə “bəy” titulu vermiş “millət qəhrəmanları”nın nəyə qadir olduğu göz qabağındaydı. Azərbaycan adlı gəmi sanki güclü bir fırtınaya düşmüşdü. Böyük dalğalar onu oyuncaq kimi atıb-tuturdu. Bu gəmi hər an qayalara çırpılıb məhv ola bilərdi. Müstəqil Azərbaycan dövləti ölüm-qalım dilemması ilə üzləşmişdi. Ölkəni bürüyən xaos getdikcə dərinləşir, anarxiya bütün ölkəni bürüyürdü. Hakimiyyətə itaətsizlik, vətəndaş qarşıdurması kütləvi xarakter almışdı. Siyasət dəllalları meydan sulayırdı. Belə bir ağır vəziyyətdə müdrik Azərbaycan xalqı nicat yolunu yalnız xalqımızın Böyük oğlu, Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gətirilməsində görürdü. 3 oktyabr 1993-cü il tarixində keçirilmiş prezident seçkiləri müstəqil Azərbaycan dövləti üçün qurtuluşa aparan yolun ilk pilləsi olmuşdur. Xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Heydər Əliyevi Prezident seçdi. Xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndər ölkəmizi böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb. Xalqın arzu və təkidli tələbi ilə 1993-cü ildə ikinci dəfə siyasi hakimiyyətə gələn Ulu Öndər 1991-ci ildə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi qarşısında olan Azərbaycanı düşdüyü ağır vəziyyətdən, qardaş qırğınından qurtarmaq üçün qısa zamanda təxirəsalınmaz və qətiyyətli tədbirlər gördü. Ulu Öndər dövlət idarəçiliyi sahəsində qazandığı zəngin təcrübə ilə fitri istedadını birləşdirərək ölkədə möhkəm və dönməz sabitlik yaratdı, qeyri-qanuni silahlı dəstələri tərksilah etdi, xarici müdaxilə cəhdinin qarşısını aldı, atəşkəsə nail oldu.
Ulu Öndərin siyasi hakimiyyətə gəlməsi ilə:
- Ölkədə iqtisadi, siyasi, hüquqi islahatlar aparıldı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu sahəsində uğurlu addımlar atıldı.
- Yeni Konstitusiya layihəsi hazırlanaraq referendum yolu ilə qəbul edildi, bazar münasibətlərinə keçidlə bağlı möhkəm qanunvericilik bazası yaradıldı.
- "Əsrin müqaviləsi" neft kontraktı imzalandı. Neft sənayesi iqtisadiyyatın digər sahələrinin böhrandan çıxarılması və inkişafı üçün lokomotiv rolunu oynamağa başladı.
- Milli ordu quruculuğu sahəsində irəliyə doğru mühüm addımlar atıldı, zabit kadrlarının hazırlanması üçün müasir tələblərə cavab verən hərbi məktəblər formalaşdırıldı, ordunun gücləndirilməsi diqqət mərkəzinə gətirildi.
- Azərbaycan informasiya blokadasından çıxarıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin ədalətli həlli ilə bağlı beynəlxalq qurum və təşkilatlarda səmərəli fəaliyyətin təməli qoyuldu.
- Azərbaycana xarici sərmayənin yatırılması üçün əlverişli biznes mühitinin yaradılması istiqamətində əhəmiyyətli işlər görüldü. Regionların sürətli inkişafı, qeyri-neft sektorunun və sahibkarlığın yüksəlişi sahəsində dönüş yaradıldı.
- Qaçqın və məcburi köçkünlərə daim dövlət qayğısı göstərilməsi, yeni qəsəbələr salınaraq onların yaşayış şəraitinin durmadan yaxşılaşdırılması nizama salındı.
- Demokratik proseslərin dərinləşməsi, mətbuat və söz azadlığı, çoxpartiyalı sistem, fikir plüralizmi təmin edildi.
- Azərbaycançılıq ideoloğiyası ölkədə yaşayan bütün millətləri, xalqları və etnik qrupları dövləti maraqlar ətrafında birləşdirən qüvvəyə çevrdi. Dünya azərbaycanlıları ilə əlaqələr möhkəmləndirildi, diaspor quruculuğuna diqqət və dövlət dəstəyi gücləndirildi.
Bəli, Ulu Öndər 1993-cü ildə siyasi hakimiyyətə gəlməklə Azərbaycanı formal müstəqillikdən həqiqi müstəqilliyə qovuşdurdu. Özünəməxsus müdrikliklə müstəqilliyin təməl prinsiplərini, ideoloji bazasını formalaşdırdı. Sabitliyin, hüquq qaydalarının bərpası istiqamətində qətiyyətli addımlar atdı. Dövlətin suverenliyinə və ərazi quruluşuna qəsd etmək niyyətinə düşən, etnik separatizmi təşviq edən ünsürlər zərərsizləşdirildi. Dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Ulu Öndər xalqı öz ətrafında birləşdirməklə dövlətçiliyə qəsd etməyə çalışan daxili və xarici qüvvələrin məkrli niyyətlərinin qarşısına ciddi sipər çəkdi. Ulu Öndər bütün həyatını döğma xalqına, Vətəninin tərəqqisinə həsr etmişdir. Ümummilli Lider Heydər Əliyevin həyat yolu öz xalqına xidmətin nümunəsidir. Ulu Öndərin müdrikliyi, zəhməti, dəmir iradəsi Azərbaycanı möhkəm, iqtisadi cəhətdən inkişaf etmiş və sabit dövlətə çevrmişdir. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq milli dövlətçiliyimizin ideya əsasını yaratmışdır. Bu gün biz qürur duyuruq ki, bayrağımız dünya dövlətlərinin bayraqları ilə bir sırada Birləşmiş Millətlər Təşkilatının iqamətgahının qarşısında dalğalanır. Bu müstəqilliyini əbədi etdiyi Azərbaycana, Azərbaycan xalqına Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətinin ən yüksək nümunəsidir. Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki, Ümummilli Lider Heydər Əliyevin siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Ulu Öndərin siyasətini yaradıcı şəkildə həyata keçirərək sürətlə dəyişən müasir dünyada Azərbaycan dövlətinin və xalqının maraqlarını uğurla müdafiə edir, ölkənin ərazi bütövlüyünün bərpası və təhlükəsizliyinin təmin olunması istiqamətində çox mühüm və taleyüklü addımlar atır. Ulu Öndərin milli dövlətçilik irsini qətiyyətlə davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü düşünülmüş siyasətin uğurları nəticəsində ölkəmiz tarixinin ən qüdrətli mərhələsini yaşayır. Azərbaycan tarix boyu heç zaman indiki kimi güclü, qüdrətli olmayıb. Bu danılmaz bir reallıqdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev müstəqil Azərbaycanı Heydər Əliyevin şah əsəri adlandırır. Bu şah əsər bu gün möhtərəm Prezidentimizin rəhbərliyi altında özünün daha möhtəşəm, daha qürurlu inkişaf dövrünü yaşayır. Heydər Əliyevin şah əsəri - müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu Öndərin şah əsəri olan güclü Azərbaycan dövləti öz suverenliyini, müstəqilliyini qorumağa qadir olduğunu 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanmaqla sübuta yetirmişdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəqil siyasəti sayəsində Azərbaycan sözü eşidilən, rəyi nəzərə alınan ölkə kimi dünya dövlətləri arasında öz layiqli yerini, etibarlı tərəfdaş imicini daha da möhkəmləndirmişdir. Ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlmişdir. Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin ideyalarının gerçəkləşməsində, müstəqilliyinin dönməz və əbədi edilməsində möhtərəm Prezidentimiz cənab İlham Əliyevlə birgə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva da yaxından iştirak edir. Yüksək dəyərləri öz şəxsiyyətində cəmləyən Mehriban xanım Əliyeva demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyən Azərbaycan cəmiyyətinə layiqli töhfələrini verir. Uğurlu fəaliyyətin nəticəsidir ki, Azərbaycan siyasi və iqtisadi cəhətdən qüdrətlənir, öz inkişaf templərinə görə dünyada qabaqcıl yerlərdən birini tutur. Xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir.
Barxudar Barxudarov
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru
filologiya üzrə fəlsəfə doktoru