Şriftin ölçüsü :

Saytın rəngi :

Ankaranın Etimesqut Bələdiyyəsi tərəfindən keçirilən “Beynəlxalq Anadolu Günləri” mədəniyyət və incəsənət festivalında respublikamızı Şirvan şəhərinin nümayəndə heyəti təmsil edib.

11 sentyabr 2023 | 20:00

Türkiyə Respublikası, Ankara şəhərinin Etimesgut Bələdiyyəsi türk dünyasında qardaşlıq, birlik və mədəni əlaqələri inkişaf etdirmək, ortaq türk mədəniyyətini dünyaya tanıtmaq məqsədi ilə 01-10 sentyabr tarixlərində türkdilli dövlətləri təmsil edən mədəniyyət nümayəndələrinin iştirakı ilə “Beynəlxalq Anadolu Günləri 25” adlı Mədəniyyət və İncəsənət Festivalı təşkil edib. Ankaranın Etimesgut Bələdiyyəsi ilə Azərbaycan Respublikasının Şirvan Bələdiyyəsi 2011-ci ilin iyul ayından etibarən qardaşlaşmış bələdiyyələr olaraq möhkəm əlaqələr qurmuşdur. Bu qardaşlığın davamı olaraq hər il olduğu kimi bu il də festivalın sonuncu günündə, 10 sentyabr 2023-cü il tarixində keçirilən Azərbaycan gecəsində Şirvan Şəhər İcra Hakimiyyəti, Şirvan Şəhər Bələdiyyəsi və mədəniyyət işçilərindən ibarət nümayəndə heyəti iştirak edib.

Respublikamızın xalq artistləri Gülyaz və Gülyanaq Məmmədova və şəhərimizin incəsənət nümayəndələri milli mədəniyyətimizi əks etdirən xalq rəqsləri və musiqili proqramla çıxış ediblər. Festivalda nümayəndə heyətimiz tərəfindən milli atributlarımızı özündə əks etdirən eksponantlar və milli mətbəx nümunələrimiz nümayiş olunub. Etimesgut Bələdiyyəsinin sədri Ənvər Dəmirəl festivalın məqsədinin türk millətinin birliyini, həmrəyliyini və qardaşlığını möhkəmləndirmək olduğunu bildirib. Festivalda Azərbaycan Respublikasının Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Rəşad Məmmədov, Şirvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov çıxış edərək, bu cür festivalların təşkilinin geniş bir coğrafiyada məskunlaşmış türkdilli xalqların bir-birinin zəngin mədəniyyətini daha yaxşı tanıması baxımından böyük əhəmiyyət kəsb etdiyini, Azərbaycanın belə tədbirlərə böyük önəm verərək, hər zaman fəal iştirak etdiyini diqqətə çatdırıblar.

Aynur Fərzəliyeva Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun və şirvanlıların salamlarını və xoş arzularını Etimesgut Bələdiyyəsinin rəhbərliyinə və festival iştirakçılarına çatdıraraq, göstərilən doğma münasibətə görə təşəkkürünü bildirib və 44 günlük Vətən müharibəsində qazanılan qələbənin şərəfinə Şirvan şəhərində ucaldılmış “Zəfər abidəsi”nin xatirə hədiyyəsini Ənvər Dəmirələ təqdim edib.

Sonda nümayəndə heyəti və Etimesgut Bələdiyyəsi tərəfindən qarşılıqlı xatirə hədiyyələri təqdim olunub.

Keçidlər