Aprelin 24-də Şirvan Şəhər İcra Hakimiyyətində Çernobıl faciəsinin 40-cı ildönümü ərəfəsində anım tədbiri keçirilib.
Tədbirdə əvvəlcə şəhərin mərkəzi meydanında ucalan Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, əziz xatirəsi ehtiramla anılıb.
Şirvan Şəhər İcra Hakimiyətində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin, Çernobıl qəzası nəticəsində həlak olan və ümumilikdə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsi 1 dəqiqəlik sükut və ehtiramla yad edilib.
Tədbirdə çıxış edən şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Çernobıl faciəsinin törətdiyi fəsadlardan danışıb, xatırladıb ki, 1986-cı ii aprelin 26 da Çernobıl AES-də baş vermiş hadisə təkcə bir bölgənin deyil, bütün dünyanın ekoloji və mənəvi yaddaşında dərin yaralar buraxıb. Çernobılda baş verən faciə, atomun ram edilə bilməyən gücünün nəzarətdən çıxdığı anda necə bir qlobal təhlükəyə çevrildiyini bütün bəşəriyyətə acı bir şəkildə nümayiş etdirdi. On minlərlə insanın həyatını alt-üst edən, minlərlə kilometr ərazini görünməz bir düşmənin – radiasiyanın əsirinə çevirən bu hadisə, eyni zamanda insan fədakarlığının və misilsiz qəhrəmanlığın da sınağı idi. Bildirildi ki, Çernobıl qəzası sonradan böyük sosial problem yaratdı. Lakin 1993-cü ildə xalqımızın ümummilli lideri Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Çernobıl qəzası zamanı zərər çəkənlərə diqqət və qayğı göstərilməsi barədə sərəncam imzaladı. Onların müalicəsi üçün müvafiq tədbirlər həyata keçirilməyə başlanıldı, pensiya və müavinətlər təyin olundu.
Həmçinin ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Çernobıl əlillərinin sosial durumunun yaxşılaşdırılması, onların statusunun müəyyənləşdirilməsi və sosial problemlərinin həlli sahəsində həyata keçirilən tədbirləri diqqətə çatdırıb.
Sonra tədbir iştirakçıları hadisənin xronologiyasını və baş vermiş fəlakətin görünməyən tərəflərini işıqlandıran Çernobıl faciəsinə həsr edilmiş filmi izlədilər.
Daha sonra çıxış edənlər Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Şirvan şəhər filialının sədri Tofiq Məlikov, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Pərviz Rüstəmbəyov, Şirvan Reabilitasiya Mərkəzinin direktoru Mehriban Siracova faciənin ağır nəticələrindən, qəza iştirakçılarına dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, həmçinin onlara göstərilən tibbi-reabilitasiya xidmətlərindən bəhs etdilər.
Çernobıl Əlilləri İttifaqı İctimai Birliyinin Şirvan şəhər filialının sədri Tofiq Məlikov Çernobıl əlilləri adından göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib.
Qəza nəticəsində sağlamlığını itirmiş sakinlərə hər zaman olduğu kimi, bu il də xüsusi diqqət yetirilib. Çernobıl faciəsinin 40 illiyi ərəfəsində şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə 54 nəfər Çernobıl əlilinə maddi dəstək göstərilib.
Sonra şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Çernobıl əlillərinin müraciət və təkliflərini dinləyib və qaldırılan müxtəlif məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.






