Şriftin ölçüsü :

Saytın rəngi :

Avqust ayında Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı sakinlərlə 4 səyyar görüş keçirib.

01 sentyabr 2022 | 18:40

Şirvan Şəhər İcra Hakimiyyəti başçısının təsdiq etdiyi qrafikə uyğun olaraq 2022-ci ilin avqust ayı ərzində vətəndaşlarla 4 səyyar görüş keçirilib. Şəhərin 5, 4, 16 nömrəli tam orta məktəblərində və Bayramlı qəsəbəsində keçirilən səyyar görüşlərdə ümumilikdə 308 vətəndaş iştirak edib. Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasovun, Milli Məclisin deputatı İltizam Yusifovun, Şəhər İcra Hakimiyyəti başçısının müavinlərinin, şəhərdə fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərlərinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi hər bir səyyar görüşdə ölkəmizin suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olan şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İlqar Abbasov şəhər sakinləri ilə keçirdiyi bütün səyyar qəbul-görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu daxili və xarici siyasətdən, Silahlı Qüvvələrimizin erməni təxribatlarına və təcavüzünə qarşı əks-hücum əməliyyatlarından, 2020-ci iln sentyabrın 27-də başlanan Vətən müharibəsində ölkədə həyata keçirilən qismən səfərbərlik zamanı Şirvan şəhərindən də min nəfərədək hərbi ixtisaslı gənclərin döyüşlərə cəlb edildiyindən, onlardan 23 nəfərin şəhid olduğundan, 100 nəfərdən çox şirvanlı əsgər və zabitin yaralanmasından danışıb. Ölkə başçısının düşünülmüş siyasəti nəticəsində respublikamızın pandemiya ilə mübarizədən az itkilərlə çıxdığını, dövlət səviyyəsində dünyaya nümunə ola biləcək addımlar atıldığını xatırladıb və yenidən yoluxmamaq üçün vətəndaşlara diqqətli və məsuliyyətli olmağı tövsiyə edib. İşğaldan azad edilmiş ərazilərdə sürətli və kompleks şəkildə aparılan abadlıq-quruculuq işlərindən, nümunəvi “Ağıllı şəhər”, “Ağıllı kənd” layihələrinin icra edilməsindən, ermənilərin 30 il ərzində qeyri-qanuni məskunlaşdıqları Laçın şəhəri, Zabux və Sus kəndlərinin dinc yolla boşaldılmasından bəhs edib. Ölkəmizin hər yerində olduğu kimi Şirvan şəhərində də regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı çərçivəsində xeyli işlərin görüldüyünü, su-kanalizasiya sisteminin yenidən qurulması, küçələrin işıqlandırılması, asfaltlanması, şəhər sakinlərinin mədəni istirahətini təmin etmək məqsədilə nümunəvi məhəllələrin, yaşıllıqların salınması işlərinin davam etdirildiyini diqqətə çatdırıb. Görüşlərdə Milli Məclisin deputatı İltizam Yusifov çıxış edərək deputat kimi fəaliyyətindən, son illərdə Şirvan şəhərində aparılan abadlıq-quruculuq işlərindən, görülən işlərin sakinlər tərəfindən razılıqla qarşılandığından danışıb. Vətəndaşların işsizlik, mənzil, sağlamlıq, pensiya təminatı və digər məsələlərlə bağlı problemlərinin dövlət səviyyəsində həllinə yönəlik mühüm tədbirlərin nəzərdə tutulduğunu qeyd edib. Səyyar görüşlərdə sakinlərin müraciət və problemləri dinlənilib, qaldırılan məsələlər aidiyyəti məsul şəxslərin iştirakı ilə müzakirə edilib. Bəzi məsələlər yerindəcə həllini tapıb, araşdırılması vaxt tələb edən məsələlərlə bağlı müvafiq göstərişlər verilib. Sakinlər səyyar görüşlərin təşkilinə, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Qalib Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident, hörmətli Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minətdarlıqlarını ifadə ediblər.

 

 

Mətbuat xidməti

Keçidlər