Şriftin ölçüsü :

Saytın rəngi :

Avropanın Enerji Təhlükəsizliyinə Yeni Bir Töhfə

16 fevral 2023 | 11:18

Fevralın 13-də Bakıda “Gülüstan” sarayında müstəqillik dövrünün     1280 MVt gücündə ən böyük istilik –elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Müstəqil Azərbaycanın uğurlu siyasəti onu regionun lider dövlətinə çevirməklə yanaşı, həmçinin irimiqyaslı layihələrin təşəbbüskarı və icraçısı kimi tanıdıb. Regional gücə çevrilən Azərbaycan dövləti ikitərəfli və regional  əməkdaşlıq sahəsində böyük uğurlara imza atıb. Bütövlükdə Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizinin təşəbbüskarı olan Azərbaycan bu gün qitənin etibarlı elektrik enerjisi təchizatçısı rolunu oynayır. Zəngin təbii enerji resurslarına sahib olması Azərbaycanın enerji təhlükəsizliyi sahəsində dünya ölkələri arasında vacib aktor kimi çıxış etməsinə geniş imkan yaradır. Azərbaycan bu gün dünyada etibarlı tərəfdaş, səmimi dostluq münasibətində olan dövlətdir. Prezident İlham Əliyevin ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində çıxışı öz qətiyyəti və səmimiyyəti ilə yadda qalıb. Dövlət başçısının mərasimdə iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in İtaly” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətinə göstərdiyi yüksək səmimiyyət və qonaqpərvərlik bir daha dövlətimizin siyasi əlaqələrlə yanaşı səmimi dostluq əlaqələrinin inkişafına xüsusi önəm verdiyini göstərdi. Bu Azərbaycandan dünyaya növbəti dostluq ismarıcı idi. İtaliya-Azərbaycan əlaqələri təkcə iki ölkənin maraqlarını təmin etmir, böyük coğrafiyanın maraqlarını təmin edir. Yanvarın 11-dən bu günə qədər İtaliya hökümətinin üç nazirinin Azərbaycana gəlməsini çox önəmli və hətta fövqəladə bir hadisə olduğunu vurğulayan cənab prezidentimiz bu səfərlər zamanı hərbi, hərbi-texniki, energetika və bütövlükdə investisiya, ticarət sahələrində əməkdaşlığı müzakirə etdiklərini vurğuladı. Azərbaycanın ən vacib saydığı layihələri İtaliya şirkətlərinə həvalə etməsi əlaqələrin dərinliyinin və səmimiyyətin göstəricisidir. Azəbaycan - İtaliya münasibətləri strateji xarakter daşıyır. Dost ölkə olaraq İtaliya bizim azad edilmiş ərazilərdə fəaliyyət göstərmək üçün dəvət etdiyimiz ilk ölkələrdən biri olub. Hazırki elektroenergetika layihələri güclü-siyasi əlaqələrin təməlini daha da qüvvətləndirdi. Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə Mingəçevir şəhərində tikilən “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci bloku 1981-ci ildə istismara verilib.  Bu stansiya Sovet dövründə Cənubi Qafqazın ən böyük istilik –elektrik stansiyası sayılırdı.  Məhz bu elektrik stansiyası 1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması ərəfəsində müstəqil Azərbaycanın enerji tələbatının böyük hissəsini ödəyirdi. Keçid dövründə elektrik stansiyasına baxımsızlıq və istismar müddətinin başa çatması əlavə problemlərə səbəb olurdu.  Buna görə də prezident İlham Əliyevin tapşırığı ilə hər birinin gücü 300 meqavat olan 8 bloklu “Azərbaycan” İstilik-Elektrik Stansiyası 2020-ci ildə tam yenidən qurularaq istismara verilib.  Stansiyanın ömrü ən az 20 il uzadılıb, təhlükəsizliyi təmin edilib.  Avropada enerjiyə artan tələbat və ixrac imkanlarının genişlənməsi  əlavə tədbirlərin görülməsini zəruri edirdi. Prezident İlham Əliyevin 2022-ci il oktyabrın 25-də imzaladığı Sərəncama uyğun olaraq Cənubi Qafqazın ən böyük istilik–elektrik stansiyası sayılan  Mingəçevirdəki “Azərbaycan” İES-in ərazisində “Azərenerji” tərəfindən 1280 MVt istehsal gücündə yeni elektrik stansiyası yaradılır. Yeni yüksəktəzyiqli qaz xəttinin, qazpaylayıcı stansiyanın, susoyutma, saf su hazırlanma şəbəkəsinin, idarəetmə və mühafizə sistemlərinin qurulması da həyata keçiriləcək. Azərbaycanın enerji sistemində yeni və nəhəng elektrik stansiyası “Azərbaycan” İES-in heç bir infrastrukturu olmadan müstəqil istismar edilə biləcək. Bu stansiyanın Mingəçevirdə qurulması bu şəhərin əlavə iş yerlərinin yaradılması ilə sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq Mingəçevir şəhərinin nəinki Azərbaycanın  bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Beləliklə, yeni stansiyanın tikilməsi ölkənin enerji dayanıqlılığını təmin edəcək, əlavə generasiya gücləri yaradılacaq, yüksələn enerji tələbatı qarşılanacaq. Ixrac imkanları artırılacaq. Bərpaolunan enerji mənbələrinin enerji sisteminə inteqrasiyasının əks təsirlərinin balanslaşdırılması, ətraf mühitin qorunması, elektrik enerjisinin istehsalında təbii qaza qənaət edilməsi və regionda yeni iş yerlərinin açılması baxımından bu stansiya xüsusi əhəmiyyətə malikdir. Yeni tikiləcək stansiyanın müasir standartlara cavab verməsi sayəsində karbon qazının miqdarı çox böyük dərəcədə - 2 milyon ton azalacaq və beləliklə, ətraf mühitə də bunun çox böyük faydası olacaq. Yeni elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi nəzərdə tutulur. Tikintini isə ixtisaslaşmış yerli şirkət həyata keçirəcək. Qürurvericidir ki, stansiya Azərbaycanın daxili resursları çərçivəsində inşa ediləcək. 1280 meqavat gücündə elektrik stansiyası müstəqillik dövründə tikiləcək  ən böyük istilik-elektrik stansiyası olacaq. Bundan sonra Azərbaycan dünyaya yeni işıq saçacaq.

 

Nəsibə Məmmədova

Dövlət Arxivi Şirvan filialının direktoru

Keçidlər