Azərbaycan Avropanın enerji təminatında mühüm təminatçı qismində iştirak edir.
Azərbaycanın yeni geosiyasi nizamda tutduğu yer illərdir ki, yürüdülən düzgün siyasi kursa əsaslanır. Ölkə Prezidentinin yürütdüyü uğurlu siyasi, iqtisadi, xarici siyasət kursu ölkəmizin beynəlxalq arenadakı hazırki regional lider rolunu və yerini müəyyənləşdirib. Orta Dəhliz kimi qlobal layihələrin reallaşması üçün ilkin növbədə daxili sabitlik amili mövcud olmalıdır. Orta Dəhlizin tam istismara verilməsi məqsədinə nail olmaq üçün təhlükəsizlik və iqtisadi potensial ən vacib şərtlərdəndir. Prezident İlham Əliyev “Orta Dəhliz boyunca: geosiyasət, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında da bildirdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindən biridir. İndi Azərbaycanın beynəlxalq arenada oynadığı rol da, daxili siyasətimizdəki sabit inkişafın sayəsində əmələ gəlmişdir. Eyni zamanda, illərdir ki, daxili iqtisadi mühitin inkişafı istiqamətində atılan addımlar yeni dövrdə Azərbaycana mühüm üstünlüklər qazandırıb. İllərdir ki, yeni infrastrukturların qurulması yönündə əsaslı işlər görülür. Cənab Prezident bildirdi ki, Azərbaycan infrastrukturun inkişafına uzun illər ərzində sərmayə yatırır. İndi dəmir yolları əlaqələrimizə, yol infrastrukturumuza baxdıqda biz Azərbaycanda hər şeyin hazır olduğunu görürük. Dövlət başçsının qeyd etdiyi kimi, beş il bundan əvvəl biz tərəfdaşlarımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılışını etdik. İndi isə ölkəmizdən keçən artan yük həcmlərini gördükdə biz Bakı-Tbilisi-Qarsın Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırmağa başladıq. Bu layihə ölkəmizə 100 milyon ABŞ dollarından daha baha başa gələcək və biz bu layihəni bir il və ya ola bilsin, bir il yarım müddətində bitirməyi planlaşdırırıq. Təbii ki, bu kimi amillər Azərbaycanın geosiyasi iqtisadi əməkdaşlıq platformasındakı fəaliyyətinə mühüm üstünlüklər qazandırmış olur, Şimal-Cənub dəhlizi kimi digər nəqliyyat layihələri də Şərq-Qərb dəhlizinə əsaslı dəstək və uğur qazandıracaq. Azərbaycanın hər iki dəhlizin iştirakçısı olmasının səbəbləri isə ölkəmizin bu dəhlizlərlə bağlı əksər nəqliyyat və logistika infrastrukturunun hazır olmasından irəli gəlir. Artıq Azərbaycan yeni mərhələdə ən müasir nəqliyyat-kommunikasiya sistemləri inşa etməkdədir. Prezident İlham Əliyev bildirdi ki, nəqliyyat-kommunikasiya layihələrinin nisbətən yeni elementi olan dəniz ticarət limanımız 15 milyon tondan 25 milyon tona qədər genişləndiriləcək. Çünki buna zərurət var, çünki dünyada yeni geosiyasi vəziyyət mövcuddur və Azərbaycandan daha çox yüklərin daşınmasına zərurət var. Bu gün dünya yeni iqtisadi çağırışların astanasındadır. Yeni iqtisadi nizamda özünəməxsus yer tutan Azərbaycan Xəzər dənizinin şərq sahillərindən yükləri öz ərazisindən nəql etmək potensialına malikdir. Təbii ki, bunun üçün yeni tankerlər, bərələr və yük gəmiləri lazımdır. Dövlət başçısının da qeyd etdiyi kimi, Bakıda gəmi infrastrukturu və yeni gəmiqayırma zavodlarının olması ölkəmizin mövcud istiqamətdəki potensialını artırır. Fəaliyyət göstərən nəqliyyat marşrutları isə Xəzər regionunun bütün ölkələrinin inteqrasiya imkanlarını artıracaq. Bu gün ölkəmiz Türkmənistandan daxil olan yüklərə vacib tranzit imkanı yaradır. Hətta Bakı Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistandan olan yüklər üçün xüsusi yer ayrılıb. Bu gün Azərbaycan Avropanın enerji təminatında mühüm təminatçı qismində iştirak edir. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik boru kəməri iki ildən az müddət bundan əvvəl tamamlanıb. Bununla belə tələbat günü-gündən artır. Cənab Prezident də öz çıxışında vurğuladı ki, artıq bu gün biz həcmin iki dəfə - 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılmasına tələbatı görürük. Bunun üçün bütün pay sahiblərinin konsolidasiya olunmuş mövqeyi və sərmayəsi lazım olacaq. Eyni zamanda, Azərbaycan TAP-da yalnız 20 faiz paya sahibdir. TANAP-ın 16 milyard kubmetrdən 32 milyard kubmetrə genişlənməsi gözlənilir. Bunun üçün türkiyəli həmkarlarımızla tranzitlə bağlı razılaşmalarımız olmalıdır. Bu olmadan Avropa istehlakçılarının və həmçinin türkiyəli istehlakçıların artmaqda olan ehtiyaclarını ödəmək mümkün olmayacaq. Qeyd edildiyi kimi, Azərbaycan özünün enerji siyasətini şaxələndirməklə mühüm üstünlüklər əldə edir. Bu ilin iyul ayında Azərbaycan Avropa Komissiyası ilə təchizatı iki dəfə artırmaq üçün Anlaşma Memorandumu imzalayıb. Azərbaycanın enerji potensialı da kifayət qədər zəngindir. Qarşıdakı illərdə istismara verilməsi planlaşdırılan yeni qaz yataqlarımız mövcuddur.
Əliyev Cavid
Şirvan Şəhər Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi