Azərbaycan bu çətin günlərdə Türkiyənin yanındadır.
13 fevral 2023 | 18:15
Azərbaycan üçün dost, qardaş ölkə olan Türkiyənin tarixində ən faciəli hadisələrdən biri də fevral ayının 6-sında baş verən dəhşətli zəlzələ oldu. Bu dəhşətli hadisəyə ilk səs verən də məhz Azərbaycan oldu. Azərbaycan və Türkiyə "Bir millət-iki dövlət" olaraq həm sevincli, həm də kədərli günlərdə hər zaman bir birinin yanında olmaqda davam edir və davam edəcəkdə. Bir neçə gün öncə Türkiyənin cənub bölgəsində baş verən güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın dəstəyi də bu reallığı təsdiqləyir.
6 fevral tarixində gecə saatlarında mərkəzi Kahramanmaraş olmaqla, Qaziantep, Malatya, Diyarbəkir, Kilis, Şanlıurfa, Adıyaman, Hatay, Osmaniyə və Adanada şiddətlə hiss edilən 7.7 bal gücündə zəlzələ baş verdi. Türkiyədə baş verən zəlzələnin nəticələri bütün Azərbaycan xalqını sarsıtdı. Hər bir soydaşımız, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu ağır günlərdə qardaş ölkəyə dəstək verməyə çalışır. Bu, bizim xalqımızın zəngin milli-mənəvi keyfiyyətlərinin daha bir nümunəsidir. Dəhşətli zəlzələ nəticəsində çoxlu sayda insan tələfatının olması ölkəmizdə böyük hüznlə qarşılandı. Qardaş ölkədən gələn acı xəbər Azərbaycan xalqını və dövlətini dərin kədərə boğdu. Baş verən zəlzələdən sonra dövlət və millət olaraq səfərbər olduğumuz göz önündədir. Bu da təbiidir. Çünki zəlzələnin aldığı canlar bizim öz canlarımızdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu ünvanlamış, daha sonra zəng edərək bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirmişdir. Bütün bunlar eləcə də Cənab Prezidentin fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olması, başsağlığı verməsi əsl qardaşlıq nümunəsidir.
Prezident İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan hər zaman olduğu kimi, ilk dəqiqələrdən qardaş Türkiyənin yanında idi və öz dəstəyimizi, öz həmrəyliyimizi həmişə olduğu kimi nümayiş etdirdik. Qardaş Türkiyədə baş verən dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə bu ölkəyə ilk yardım əlini uzadan məhz Azərbaycan oldu. Bundan başqa cür də ola bilməzdi. Çünki Azərbaycan və Türkiyə iki dost, qardaş, canı, qanı bir ölkələrdir. Prezident İlham Əliyevin göstərişinə əsasən Türkiyəyə ezam olunmuş Azərbaycan Ordusunun hərbi tibb personalı 8 fevral tarixdən etibarən Kahramanmaraşda fəaliyyətə başlayıb. Ümumi cərrah, travmatoloq, LOR cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər olmaqla, ümumilikdə 20 nəfərlik hərbi tibb personalı baş vermiş zəlzələdə xəsarət alan insanlara tibbi yardımın göstərilməsi məqsədilə hadisənin ilk saatından etibarən qardaş ölkəyə ezam olunub.
Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair, habelə zərər çəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən qardaş ölkəyə humanitar yardım aparan ilk xüsusi təyyarə 9 fevral tarixində Qaziantepə çatıb. Xalqımız bu gün də könüllü olaraq qardaşlarımıza dəstəyini davam etdirir, zəlzələnin acı nəticələrinin aradan qaldırılması üçün bütün imkanlardan yararlanaraq, yorulmaz kömək göstərir. Vətəndaşlarımız humanitar aksiya altında yardım marafonuna fəal şəkildə qoşulub. Bütün bunlar dünyaya təkcə dövlətlərarası səviyyədə deyil, eyni zamanda xalqlararası münasibətlərdə əsl qardaşlıq əlaqələrinin mövcudluğunu bir daha nümayiş etdirir. Zəlzələ hamımızı üzsə də bir həqiqəti ortaya qoydu ki, Türkiyə-Azərbaycan münasibətləri bütün sınaqlar və bütün dövrlər üçün dünyaya örnək olacaq səviyyədədir. Türkiyə xalqı yenə də ayaqda qalaraq bütün çətinliklərə qalib gələcək. Azərbaycan xalqı da başda Prezident cənab İlham Əliyev olmaqla bu çətin günlərdə Türkiyənin yanındadır. 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezidenti və 85 milyonluq türk xalqı Azərbaycan xalqı ilə bir yumruq oldu. İndi də Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün azərbaycanlılar əlindən gələn hər şeyi etməyə çalışırlar. Bu da Azərbaycan və Türkiyənin bir-birinə olan dostluğunun, əbədi qardaşlığının simvoludur.
Fəridə Yahyayeva
Şirvan şəhər Heydər Əliyev Mərkəzinin direktoru