Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi etdi.

07 oktyabr 2022 | 17:58

Cənubi Qafqazın lider dövləti kimi reallaşdırdığı qlobalmiqyaslı layihələrlə dünyanı heyrətləndirməyə davam edən tarixinin ən qüdrətli Azərbaycanı daha bir ilkə imza atdı. Oktyabrın 5-6-da ölkəmiz ilk dəfə olaraq beynəlxalq şəhərsalma tədbirinə - "Azərbaycan Milli Şəhərsalma Forumu"na evsahibliyi etdi. İşğaldan azad edilmiş Ağdam şəhərində və paytaxt Bakıda iki gün davam edən toplantı BMT-nin Məskunlaşma Proqramının, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə reallaşdı. 44 ölkədən 130-dan çox nümayəndə, ümumilikdə isə 400 nəfərdən çox insanın qatıldığı ilk Milli Şəhərsalma Forumunda  44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aparılan şəhərsalma, bərpa və quruculuq işlərinin, burada tətbiq olunan texnologiyaların, unikal təcrübənin və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına xüsusi diqqət yetirildi. Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda keçirilən forumda çıxış edən Prezident İlham Əliyev erməni vandalizminin əyani təzahürlərini və postmüharibə dövründəki Azərbaycan həqiqətlərini göstərərək qətiyyətli mövqeyini bir daha bəyan edib.İlk forumun məhz Ağdam şəhərində baş tutmasının tarixi və rəmzi mənası var idi. Ölkə Başçısı bu məsələyə xüsusi olaraq toxunaraq erməni vandallarının 30 il ərzində törətdikləri cinayətləri Ağdam şəhərinin fonunda beynəlxalq ictimaiyyətə təqdim etdi. Prezident bunu müharibədən sonra işğaldan azad olunan torpaqlarımıza səfər edən xarici ekspert və jurnalistlərin söylədikləri həqiqətlər əsasında diqqətə çatdırdı: "Ağdam Qarabağda ən böyük şəhər idi, həyatla coşub-daşan şəhər idi və Azərbaycanda hər kəs bunu bilir. Ərazilər işğaldan azad edildikdən sonra xarici ekspertlər, jurnalistlər buraya gəldilər və Ağdama bir neçə ad verdilər. Bu adlardan biri "urbisid qurbanı" idi, bu da tamamilə doğru idi. Digər ad "ruhlar şəhəri" idi, bu da tamamilə doğrudur. Biri də "Qafqazın Xirosiması" idi. Lakin Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində baş verməmişdir, bu, qonşularımızın vandalizmi və barbarlığı nəticəsində olmuşdur". Prezident 30 il ərzində erməni vəhşiliyinin əyani təzahürü olan viran edilmiş ərazilərimizin real mənzərəsini təqdim edərək Azərbaycanın mövqeyini də açıqlayıb. Ermənistanın tarixboyu Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti fonunda Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra da bu ölkəyə sülh təklif edib. Həmçinin, Vətən müharibəsindən ötən iki il ərzində Azərbaycanın yalnız öz qüdrətinə, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan işğaldan azad edilmiş torpaqlarımızda reallaşdırdığı layihələri diqqətə çatdırıb. Təkcə bu dövrdə Azərbaycan iki hava limanı, yaşayış kompleksləri, yol-nəqliyyat infrastrukturları, su və elektrik stansiyaları inşa edib. Qarşıdakı dövrdə isə daha möhtəşəm layihələr reallaşdırılacaq. Təsdiq olunmuş investisiya planına əsasən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazisində ümumi uzunluğu 50 kilometrdən çox olan 33 tunel olacaq, uzunluğu 12 kilometr olan 84 yeni körpü salınacaq. Bu, görülən işlərin yalnız bir hissəsidir: "Biz bütün azad olunmuş ərazilərdə elektrik təchizatını tamamilə bərpa etmişik və ümidvaram ki, tezliklə Cəbrayılda 230 meqavat gücündə olan günəş-elektrik stansiyasının tikintisinə başlayacağıq. Biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır" İlk Milli Şəhərsalma Forumu, məhz şəhərlərin bərpası ilə bağlı beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün yeni imkanlar yaradacaq və şəhər ərazilərində böhranların aradan qaldırılmasına dair çətinliklərin müəyyən edilməsi, həllərin müzakirəsi ilə bağlı bilik və təcrübə mübadiləsi aparmaq üçün platforma rolunu oynayacaq. Ölkəmizdə ilk dəfə məhz Ağdam şəhərində keçirilən Azərbaycan Milli Şəhərsalma Forumu, şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərinin təcrübələrinin bölüşülməsi və dayanıqlı inkişafın təmin edilməsi üçün əməkdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından da uğurlu formatdır.

 

Mehraliyev Rövşən

Şirvan Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini

Keçidlər