Azərbaycan dünyanı birliyə, həmrəyliyə, sülhə, əməkdaşlığa çağırır.
16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti keçirilmişdir. Bu beynəlxalq təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda təşkilatın 8 üzvü, 4 müşahidəçi üzvü və 9 dialoq tərəfdaşı var. Həmçinin İranın Təşkilatın üzvlüyünə qəbul edilməsi, Misir, Qətər və Səudiyyə Ərəbistanının isə dialoq tərəfdaşı statusu almasına dair qərarlar artıq qəbul olunub. Azərbaycan hazırda Şanxay Əməkdaşlıq Təşkilatında dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki Zirvə görüşündə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak edib. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Sammitdə çıxış edib. Ölkə başçısı çıxışında Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanlarının davamlı olaraq inkişaf etdiyini, Azərbaycanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verdiyini, Azərbaycanın 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malik olduğunu, Bakı Gəmiqayırma Zavodunun bütün növ gəmilər istehsal edə bildiyini, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olduğunu və bunun 25 milyon tona qədər artırılacağını və bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzitin 50 faizə yaxın artdığını, son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikilib və ya əsaslı təmir edildiyini, Azərbaycanın 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkdiyini, Azərbaycanın 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından biri olduğunu, 2024-cü ilin sonuna qədər ölkədə beynəlxalq hava limanlarının ümumi sayının 9-a çatdırılacağını bildirib. Cənab Prezident çıxışında xüsusi vurğulamışdır ki, regionun nəqliyyat arteriyalarının daha da şaxələnməsi üçün Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsindən sonra daha geniş imkanlar yaranıb. Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və Zəngəzur dəhlizinin açılması ilə bu imkanlar daha da artacaq. Zəngəzur dəhlizi Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan üzərindən beynəlxalq yükdaşımaların həcmini dəfələrlə artıracaq. Dəhlizin regionda yeni nəqliyyat imkanları yaratması Avropa ilə Asiyanın daha sıx birləşməsini təmin edəcək və bu birləşmənin geosiyasi əhəmiyyətini yüksəldəcəkdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çıxışında söylədiyi ən mühüm məsələlərdən biri də cari ilin 13 sentyabr tarixində Ermənistanın Azərbaycanla dövlət sərhədində genişmiqyaslı hərbi təxribat törətməsi ilə bağlı olmuşdur. Ölkə başçısı çıxışında Azərbaycan silahlı qüvvələrinin bu təxribatın qarşısını qətiyyətlə aldığını, Ermənistanın bu təxribatının iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbə vurduğunu, buna görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyünü söyləyib, Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini, ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində iş aparıldığını bildirib. Ölkə başçısı bir daha qeyd edib ki, biz beynəlxalq hüququ və tarixi ədaləti bərpa edirik, Qarabağ münaqişəsini özümüz hərbi-siyasi yolla həll edib, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edirik. Dövlət başçısı cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitindəki çıxışında işğal dövrünün reallıqlarından bəhs edərək vurğulayıb ki, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, bizim vəziyyətimizlə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmadı. Cənab İlham Əliyev çıxışında bir daha bəyan edib ki, bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyi narahatlıq doğurur. Azərbaycan yeni səhifə açıb Ermənistanla münasibətləri normallaşdırmaq üçün qarşı tərəfə sülh müqaviləsinin imzalanması təklifini edib və bu istiqamətdə üzərinə düşən bütün öhdəlikləri yüksək səviyyədə yerinə yetirməyə səy göstərir. Bununla yanaşı, Ermənistandan da eyni addımları tələb edir. Lakin 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın imzalanmasından iki ilə yaxın vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də tərəddüdlər içərisində vurnuxur. Məhz bu tərəddüdləri onun sülh müqaviləsinin imzalanmasında maraqlı olmadığını nümayiş etdirir. Törətdiyi təxribatlr, üçtərəfli Bəyanatın müddəalarından irəli gələn öhdəlikləri yerinə yetirməməsi, keçirilən Moskva, Soçi və Brüssel görüşlərində əldə olunan razılaşmalara əməl etməməsi kimi addımları müxtəlif sualların yaranmasına, eyni zamanda, əksər dünya güclərinə, beynəlxalq təşkilatlara çağırışların edilməsinə əsas verir. 30 ilə yaxın işğal dövründə susmaqla sonda 44 günlük Vətən müharibəsinin yaşanmasına gətirib çıxaran dünya gücləri niyə Ermənistandan sülh müqaviləsinin imzalanmasını tələb etmirlər? Ermənistanın törətdiyi təxribatlara niyə laqeyd yanaşırlar? Bəyanatlarda narahatlıq ifadə edib, reallıqda konkret addım atmamaqla Ermənistana dəstəklərini ifadə etmirlərmi? Nə zamanadək dünya hüquq problemini yaşayacaq, ikili standartlara əsaslanan siyasət gündəmdə olacaq. Ədalət, beynəlxalq hüquq, bəzi güclər, təşkilatlar üçün arxa planda olacaq. Belə olan təqdirdə etimadın mövcudluğundan danışmaq nə dərəcədə real görünə bilər? Dövlət başçısı cənab İlham Əliyev Səmərqənd Sammitində 2019-cu ildən Azərbaycanın 120 ölkəni birləşdirən, BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrliyinə diqqəti yönəldərək bu müddətin quruma üzv dövlətlərin yekdil qərarı əsasında bir il uzadılmasını ölkəmizə olan hörmətin və etimadın göstəricisi kimi qeyd edib. Azərbaycanın xarici siyasətinin dəyişməz olan prinsiplərini bir daha önə çəkərək bəyan edib: “Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.” Bu fikri böyük fəxr və qürur hissi ilə qeyd edirik ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dərin analitik təfəkkürə, düşünülmüş siyasi baxışlara malik olması nəticəsində bütün beynəlxalq platformalarda dövlətimizin maraqları yüksək səviyyədə təmin edilir. Özbəkistan Prezidentinin cənab İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu regional təsisatın Sammitində fəxri qonaq qismində görmək istəyi və dəvəti ümumilikdə quruma üzv ölkələrin Azərbaycana, Prezidentimizə böyük hörmətinin göstəricisidir. Hər bir məsələnin beynəlxalq hüquq çərçivəsində həllində maraqlı olan Azərbaycan daim dünyaya birlik, həmrəylik, əməkdaşlıq, sülh çağırışlarını edir.
Şirvan Dövlət İqtisadiyyat və Humanitar Kollecinin direktoru
filologiya üzrə fəlsəfə doktoru Barxudar Barxudarov